XƏBƏR LENTİ

10 Dekabr 2019

Digər Xəbərlər

18 Noyabr 2019 - 20:12

“ABŞ-ın planı uğursuz oldu, iğtişaşların təşkilatçıları həbs edilib” –İran “Bəsic”in rəhbəri

İranda iğtişaşların təşkilində təqsirli bilinən şəxslər həbs olunub. 

Bunu briqada generalı, İranın “Bəsic” təşkilatının rəhbəri Qulamrza Süleymani bu gün benzinin qiymətinin artmasından sonra baş verən iğtişaşlarla bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, son hadisələr iki hissəyə bölünür: “Bir hissədə xalq qiymət artımına etiraz edib. Bu etirazlar xalq tərəfindən edildi. Bu, haqlı etirazdır və eşidilməlidir. Çünki bizim ölkədə azadlıq var və xalq öz fikirlərini elan edə bilər. Lakin bununla belə iğtişaşlar və asayişin pozulmasına yönəlmiş addımlar da baş verib. Şənbə günündən başlayaraq xalq və dövlət əmlakına ziyan vurulub”.

Q. Süleymaninin sözlərinə görə, bu dəfə də ABŞ-ın çirkli planı uğursuzluğa düçar olub: “Onlar bu layihəni ötən il də icra etmək istəyirdilər, lakin uğur qazanmadılar. Ölkəmizdə münafiqlərin (İran rəhbərliyinin Xalq Mücahidləri Təşkilatına verdiyi ad – red)  gizli təşkilat qrupları var. Bunlarla yanaşı, bəlkə uğursuzluqları ilə tanınan monarxistlər (şah tərəfdarları – red)  də meydanlara axışa bilər”.

O qeyd edib ki, xalq sayıqlıq göstərərək bu qruplar və şəxslərlə əməkdaşlıq etməyib: “Əksər yerdə xalq özü iğtişaşçılara qarşı ölçü götürüb. Artıq iğtişaşları alovlandırmaqda təqsirli bilinən şəxslər həbs olunub. Təhlükəsizlik qüvvələri də bu hadisələrdə təmkinli davranıb”.

Xatırladaq ki, noyabrın 15-də gecə ölkədə davam edən iqtisadi böhranla əlaqədar benzin üçün norma tətbiq edilib, qiyməti qaldırılıb. Hökumətin qərarına əsasən, dövlət benzin kartına malik şəxslər ay ərzində bir litri 12 avrosent ekvivalentinə bərabər olmaqla, 60 litrə qədər benzin ala bilər. Daha böyük həcmdə benzin almaq istəyənlər benzinin keyfiyyətindən asılı olaraq hər litr üçün 24 avrosentdən 30 avrosentə qədər ödəməlidirlər. Bu, indiyə qədər olan qiymətlərdən faktiki 3 dəfəyə bahadır. (apa)