XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2019 - 09:31

BMT:"Dünyada azadlıqdan məhrum edilən uşaqların sayı 7 milyona yaxındır"

BMT-nin araşdırmalarına görə, dünyada azadlıqdan məhrum edilən uşaqların sayı 7 milyona yaxındır.

“Azadlıqdan məhrum edilmiş uşaqlara dair qlobal BMT araşdırması“ adlı hesabatda dünyada hər il 410 min həddi-buluğa çatmamış şəxsin həbs olunduğu, bir milyon uşağın isə polis tərəfindən saxlandığı qeyd edilib. Avstriyalı insan haqları eksperti Manfred Novakın rəhbərliyi ilə hazırlanmış hesabat Dünya Uşaq Hüquqları və Konvensiyası Günü münasibətilə dərc olunub.

Konvensiyanın 30 illiyi münasibətilə hazırlanan hesabatdakı statistik göstəricilər heç də ürəkaçan olmayıb. Belə ki, hazırda dünyada 330 min oğlan və qız miqrant kimi müxtəlif saxlanma müəssisələrində yaşayır. Müxtəlif növ müəssisələrdə 5,4 milyon uşaq saxlanılır ki, burada da onların azadlıqları məhdudlaşdırılır, 35 min uşaq isə silahlı münaqişələrdə terror təşkilatları və ya qiyamçı dəstələr tərəfindən istismar olunur. Milli təhlükəsizlik və terrorizmə qarşı qanunvericilik əsasında, hazırda dünyada 1500-dən artıq uşaq həbsdədir. Törətdiyi cinayətə görə hansısa cəzaçəkmə müəssisəsində cəzasını çəkən valideynləri ilə birlikdə yaşayan və bununla da heç bir günahı olmadan azadlığı məhdudlaşan uşaqları sayı isə 19 min nəfərdir.

Hesabatın təqdimatı zamanı bildirilib ki, dünyada həbsxana və istintaq təcridxanalarında saxlanılan ən çox uşaq və yeniyetmə ABŞ-da qeydə alınıb. Bu ölkədə hər yüz min sakinə 60 həbsdə yatan uşaq düşür. Eləcə də Cənubi Amerika ölkələrində bu göstərici yuxarıdır. Qərbi Avropa ölkələrində isə həmin göstərici beş uşağa bərabərdir.

Manfred Novak bildirib ki, uşaqların azadlıqdan məhrum edilməsi onların gələcək həyatları üçün ciddi fəsadlara yol açır. Belə ki, həbsdəki uşaqlar arasında psixiki xəstəliklər azadlıqda olan uşaqlardan on dəfə çoxdur. Həmçinin dəmir barmaqlıqlar arxasına düşmüş uşaqların ömrü də qısa olur.

Hesabat müəllifləri uşaqların saxlanma şəraiti ilə bağlı dünya ölkələrinə tövsiyələr də veriblər. Bildirilib ki, cinayət məsuliyyətinə cəlb edilmə üçün yaş həddi ən aşağısı 14 olmalıdır. Lakin dünyanın bəzi ölkələrində bu hədd hətta 7-dən başlayır. Bundan başqa, valideynlərinin yanında həbsxanada böyüyən uşaqlar üçün alternativ saxlanma müəssisələri yaradılmalı, qeyri-qanuni miqrasiya çərçivəsində uşaqların readmissiya üçün həbsi aradan qaldırılmalı, silahlı münaqişələrə cəlb olunmuş uşaqlar cinayətkar deyil, qurban kimi dəyərləndirilməlidir.

M.Novak, həmçinin bildirib ki, uşaqlar şəxsi azadlığa dair fundamental hüquqa malikdirlər. Ona görə də dünya ölkələri həbsə aparıb çıxarmayan alternativlər və yeni çıxış yolları axtarmalıdırlar(azərtac).