İran dünya dövlətləri ilə qarşılıqlı anlaşma və mehriban şəraitdə yaşamaq istəyir.
Bu sözləri İran Prezidenti Həsən Ruhani İslam İnqilabının 37-ci ildönümü ilə əlaqədar Tehranın “Azadi” meydanında keçirilən ümumxalq yürüşündə bildirib.
Prezident deyib:
“İran xalqı heç bir təhdiddən qorxmur. Çünki biz həmişə İslama, ədalətə, haqqa və əxlaqa dayanaraq siyasət aparmışıq və zəfər qazanmışıq”.
Nüvə danışıqlarında əldə edilən razılaşmanı İranın böyük qələbəsi kimi qiymətləndirən prezident qeyd edib ki, son 10 ildə xalq ədalətsiz sanksiyalara sinə gərdi və nəhayət qalib oldu.
Həsən Ruhani hələ də dünyada iranofob qüvvələrin olduğunu və son nəticədə onların da məğlub ediləcəyini söyləyib.
İslam İnqilabının faydalarından danışan İran prezidenti İmam Xomeyninin vəsiyyətlərinin dəqiqliklə həyata keçirildiyini nəzərə çatdırıb.
“Əgər belə olmasaydı biz qələbə qazana bilməzdik”, – deyə o, əlavə edib.
Prezident fevralın 26-da keçiriləcək parlament seçkilərində xalqın fəal iştirakının vacibliyini də bildirib.
Azertag.az