XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2019 - 12:57

Bu gün Roma Papasının Yaponiyaya səfəri başlayır- Bəyanatla çıxış edəcək

Noyabrın 23-də Roma katolik kilsəsinin rəhbəri Papa Fransiskin Yaponiyaya səfəri başlayır. Bu Roma Papasının 38 illik fasilədən sonra bu Gündoğar ölkəyə ilk səfəridir.

Səfərin proqramına uyğun olaraq Roma Papası günortadan sonra Tailandı tərk edərək Yaponiyaya yola düşüb. Onun həmin gün axşam saatlarında Tokioya çatacağı gözlənilir.

Noyabrın 24-də Naqasaki şəhərini ziyarət edəcək Papa Fransisk burada 1945-ci ildə ABŞ silahlı qüvvələri tərəfindən atılmış atom bombasının düşdüyü parkda nüvə silahının ləğvinə çağıran bəyanatla çıxış edəcək.

Bundan sonra Nişizaka parkını ziyarət edən Papa XVI əsrdə sərkərdə Toyotomi Hidyoşinin əmri ilə edam edilən 26 müqəddəsin xatirəsinə ehtiramını bildirəcək. Pantifik beysbol meydançasında təşkil ediləcək dini ayinə də qatılacaq.

Həmin gün axşam Hiroşimaya gələn Roma Papası Sülh Xatirə parkında keçiriləcək yığıncaqda sülh məsələsinə həsr olunan nitq söyləyəcək.

Noyabrın 25-də Tokioya dönən Roma Papası burada İmperator Naruhito və Baş Nazir Şinzo Abe ilə görüşəcək. Onun, həmçinin 2011-ci ilin martında Yaponiyanın şimal-şərqində baş vermiş zəlzələ və sunamidə sağ qalanlarla görüşü və Tokio qübbəsi yanında dini ayin keçirməsi planlaşdırılır.

Papanın səfərinin son günündə Sofiya Universitetinə gedəcəyi və orada nitq söyləyəcəyi bildirilir(azərtac).