Apple şirkətinin mobil əlavələri Ukraynanın Krım yarımadasını Rusiya ərazisi kimi göstərir.
Moskvada deputatlar bunu daha öncəki “səhv”in düzəldilməsi adlandırıb. ABŞ texnologiya nəhənginin bu addımı Kiyevin etirazına səbəb olub.
Noyabrın 27-də Apple Maps və Weather tətbiqlərində Krım Rusiya ərazisi kimi göstərilib, ancaq yalnız Rusiyadakı istifadəçilər bunu belə görüb.
ABŞ, Ukrayna və Avropanın bəzi yerlərində isə mobil əlavələrdə yarımada ətrafında beynəlxalq sərhəd görünmür.
Google Maps də məsələyə neytral yanaşır, Krım yarımadasını nə Rusiya, nə də Ukrayna ərazisi kimi göstərir.
Rusiya 2014-cü ilin martında Krıma hərbçilər göndərib, əsas obyektləri ələ keçirib, referendum təşkil edib. Azı 100 ölkə referendumu qanunsuz sayıb.
“Sizə öz terminlərinizlə başa salım”
“Mübahisəli regionları obyektiv təsvir etməyə çalışırıq, Google Maps-in yerli versiyaları olan yerlərdə adları və sərhədləri yerli qanunvericiliyə uyğun göstəririk”, – Google şirkətinin sözçüsü “Tech Crunch” dərgisinə deyib.
Moskva Ukraynanın şərqində separatçıları dəstəkləyir. 2014-cü ilin aprelindən buradakı münaqişədə 13 mindən çox adam öldürülüb.
Ukraynanın Xarici işlər naziri Vadim Pristayko Twitter-də Apple şirkətinə müraciət edib, Krımın Ukrayna ərazisi olduğunu təsdiqləməyə çağırıb. “Apple, sizə öz terminlərinizlə başa salım. Təsəvvür edin ki, dizayn və ideyalarınızın, illərlə gördüyünüz işin və ürəyinizin bir hissəsinin ən pis düşməniniz tərəfindən oğurlandığını deyib dad döyürsüz, ancaq heç kəs sizin ağrınızı vecinə almır. Siz Krımı Rusiya torpağı adlandıranda da bu baş verir”, – o yazıb.