XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 December 2019 - 16:34

Senator:"Tramp minlərlə amerikalı hərbi qulluqçunu bu həftə Əfqanıstandan çıxaracaq"

Cənubi Karolina ştatından olan respublikaçı senator Lindsi Qrem dekabrın 16-da bildirib ki, Prezident Tramp minlərlə amerikalı hərbi qulluqçunun tezliklə Əfqanıstandan qismən çıxarılmasını bu həftə elan edəcək.

Qrem Kabilə səfəri zamanı Əfqanıstandakı amerikalı hərbi qulluqçuların sayının azaldılaraq təqribən 13.000 nəfərdən 8600-ə endirilə biləcəyini elan edib.

Xatırladaq ki, Prezident Tramp bunu hələ avqust ayında demişdi. O, Əfqanıstanda və Yaxın Şərqdə amerikalı hərbi qulluqçuların sayının azaldılmasına tərəfdardır. Prezident Şükranlıq günündə Amerikanın Əfqanıstandakı ən iri bazası olan Baqram aviabazasına səfəri zamanı Əfqanıstandakı qüvvələrin “xeyli azaldılacağını” bildirib.

ABŞ-da siyasi icmalçıların çoxunun fikrincə, Amerika qoşunlarının Əfqanıstandan qismən çıxarılması taliblərə güzəşt kimi qiymətləndirilə bilər, bu isə ABŞ-ın danışıqlarda mövqeyini sarsıda bilər. Məlum olduğu kimi, bu il taliblərlə danışıqlar aparmaq üçün ilk cəhd uğursuz olub.

ABŞ-ın Əfqanıstandakı silahlı qüvvələrinin komandanlığının bəyanatında bildirilir ki, onlar qoşunların sayının azaldılması barədə əmri hələ almayıblar.

Qeyd edək ki, 2019-cu ildə Əfqanıstanda 19 nəfər amerikalı hərbi qulluqçu öldürülüb. Bu, son beş ildə Əfqanıstandakı amerikalı hərbçilər arasında ən böyük tələfatdır/Azərtac.