Hindistanda vətəndaşlıq barədə qanuna edilən düzəlişlər səbəbindən keçirilən miqyaslı etiraz aksiyaları fonunda ölkənin paytaxtı Nyu-Dehlidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Azərtac NDTV telekanalına istinadla xəbər verir ki, paytaxtda təhlükəsizliyin gücləndirilməsi barədə qərar dekabrın 17-də təxminən 2 min nəfərdən ibarət qrupun şəhərin şimal-şərqində yerləşən Silampur məhəlləsində polislə toqquşmaya getməsi səbəbindən verilib.
Polis şəhərin mərkəzinə soxulmağa çalışan nümayişçilərin qarşısını alıb. Ardınca etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarını daşa basıb, polis isə buna cavab olaraq onlara qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə edib. İğtişaşlar nəticəsində bir neçə polis avtobusuna və motosikletə zərər dəyib, onlarla etirazçı saxlanılıb.
Dekabrın 18-də paytaxt küçələrində gücləndirilmiş polis dəstələri növbə çəkməyə başlayıb. Təhsil müəssisələrinin çoxunda məşğələlər dayandırılıb, mobil internetin fəaliyyətinə məhdudiyyətlər qoyulub.
Qeyd edək ki, ötən həftənin sonlarında vətəndaşlıq barədə qanuna edilən düzəlişlərə əsasən, yaşadığı ölkələrdə təqiblərə məruz qalan Cənubi Asiya ölkələrinin qeyri-müsəlman vətəndaşları asan yolla Hindistan vətəndaşlığı ala bilər. Hökumətin bu addımı düzəlişlərin dini zəmində insanların hüququnu pozduğunu düşünən hindistanlı müsəlmanların etirazlarına səbəb olub.