Amerika Birləşmiş Ştatlarının sabiq vitse-prezidenti Cozef Bayden Nümayəndələr Palatasının Donald Trampın impicmenti məsələsini müzakirəyə çıxarmasını şərh edərkən bildirib ki, Ağ Evin başçısı Kiyevlə təmaslarda dövlətə xəyanətə qədər yuvarlanıb.
Baydenin sözlərinə görə, ABŞ hazırda öz tarixinin «zülmət» anlarını yaşayır.
«Prezident Tramp hakimiyyətdən sui-istifadə edib, andını pozub və bizim dövlətimizə xəyanət edib» – deyə, Barak Obamanın sabiq müavini «Tvitter»də qeyd edib.
Bayden hesab edir ki, aşağı palatanın üzvlərinin yarıdan çoxunun impicmentin lehinə səs verməsi ədalətlidir.
«ABŞ-da heç kim qanundan yuxarı dayana bilməz – hətta prezident də!» – Bayden qeyd edib.
Xəbər verildiyi kimi, böyük qismi demokratlardan ibarət olan Konqresin Nümayəndələr Palatası dünən uzun sürən debatladan sonra impicment çərçivəsində Trampı iki maddə ilə günahlandırıb: xidməti mövqeyindən sui-istifadə etmək və qanunvericilərin başlatdığı təhqiqatlara mane olmaq.
2020-ci ildə impicment barədə məsələ Senatda səsverməyə çıxarılacaq. Analitiklər ehtimal edirlər ki, impicment alınmayacaq. (azpolitika.info)