Vladimir Putin 20 ilə yaxındır hakimiyyətdədir. O, jurnalistlərin suallarını nadir halda cavablandırır. Xüsusən, səlahiyyət müddətinin başa çatması haqda olan sualları. Lakin mətbuat konfransında Putin bir mesaj verib. “Der Spiegel” jurnalının Moksvadakı müxbiri Kristina Hebel həmin mesaja aydınlıq gətirir.
Putin son illər mətbuata olan münasibətini dəyişməyib. “Kreml birliyinə” daxil olan jurnalistlər belə çox vaxt prezidenti televizor ekranlarında görürlər. Bu səbəbdən Beynəlxalq Ticarət Mərkəzində keçirilən tədbir Putin dünyasını anlamaq üçün ələ düşən nadir imkanlardan biridir. Bununla belə, Putinin artıq 15-ci dəfədir həyata keçirdiyi bu tədbir birtərəfli qaydalarla müşayiət olunur.
Putin və onun mətbuat katibi Dmitri Peskov barmağı ilə sual verməyə icazəsi olan jrunalistləri seçir. Əlbəttə, mətbuat konfransı planlı şəkildə həyata keçirilir, burada təsadüfə yer yoxdur.
Putinin danışmaq istədiyi və toxunmadığı mövzular var.
Rusdilli tənqidi mövqe sərgiləyən bəzi KİV nümayəndələrinə söz verilib.
Yay aylarında bir neçə həftə davam edən Moskva etirazlarına heç kim toxunmayıb. “BBC” telekanalının Rusiya xidmətinin əməkdaşı tərəfindən prezidentin qızlarının biznesi haqqında verilən cəsarətli sual isə tez-tələsik ört-basdır edilib.
“RBC” agentliyinin jurnalisti dövlət başçısına belə bir sualla müraciət edib: “Rusiyanın Belarusla ittifaq yaratması onun 2024-cü ildən sonra da hakimiyyətdə qalması üçün edilir?”
Putin isə bu suala sadəcə məhəl qoymayıb.
Məqal müəllifi xatırladır ki, 3 ildən sonra Putinin prezident postunda səlahiyyət müddəti başa çatacaq. Sonra nə olacaq?
O, artıq bir dəfə baş nazir Dmitri Medvedyevlə yerlərini dəyişib. Putin yenidən “rakirovka” planlaşdırırmı?
O, Belarus variantından istifadə etmək istəyir yoxsa ümumiyyətlə Konstitusiyanı dəyişmək?
Daha əvvəl prezident konstitusiyaya dəyişiklər haqqında fikir bildirib, indi isə deyir ki, maksimal iki dəfə prezidentlik müddəti haqqında maddədən son sözü çıxarmaq olar. Yəni iki səlahiyyət müddəti, vəssəlam.
Çox güman, o, bu mesajı elə-belə vermir. Çünki Putin elə-belə danışan insan deyil. Prezident bununla bildirmək istəyir ki, Konstitusiyada səlahiyyət müddətini artırmaq niyyətində deyil. Bu da o deməkdir ki, 2024-cü il Putinin hakimiyyətdə olduğu sonuncu il olacaq.
Hadisələrin həqiqətən bu şəkildə bitib-bitməyəcəyini sadəcə bir insan bilir, o da Putinin özüdür. Bunun həmçinin parlament hüquqlarının, prezident və hökumət funksiyalarının genişlənməsinə aidiyyatı var. Putin bunları mümkün hesab edir, yeri gəlmişkən, prezident bunun məhz nə demək olduğunu söyləməyib.
O, Ukrayna haqqında böyük həvəslə danışır, yenidən tələblərini xatırladır: Minsk sazişi yerinə yetirilməsə, Donbasda sülh əldə etmək mümkün olmayacaq. Bunda təəccüblü heç nə yoxdur.
Putinin Trampa qarşı uydurulan ittihamlar barədə iddiaları da yeni deyil.
Yeganə gözlənilməz məqam o olub ki, Putin “Der Spiegel” nəşrinin sualını cavablandırarkən Berlində Tirqarten parkında qətlə yetirilən Gürcüstan vətəndaşının işi ilə bağlı Rusiya tərəfindən hüquqi yardımın göstərilməsi ilə bağlı heç bir sorğu olmadığını etiraf edib. Prezident bunu hələ Parisdə keçirilən “normand sammiti”ndə iddia edirdi. İndi o, deyir ki, yalnız xüsusi xidmət orqanları səviyyəsində danışıqlar olub. Belə bir təəssürat yaranır ki, Putin Rusiya-Almaniya münasibətlərini daha da dolaşığa salmaq istəmir.
Yerli jurnalistləri daha çox zibil problemi, yol tikintisi və keyfiyyətsiz dərman preparatları maraqlandırıb. Bu məqamda Putin böyük məmnuniyyətlə oynadığı xilaskar roluna girib: həmin vaxt press-şou bir saatlıq sosial fəaliyyətə çevrilib, hərçənd prezident çox vaxt dəqiq cavablar verməyib.
Mətbuat konfransında sualların çoxu yumşaq olduğu, hətta Putinə minnətdarlıqla başladığı, əlavə suallara isə icazə verilmədiyi üçün Putin asanlıqla özünə şou təşkil edə bilir.
Azpolitika.info