XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 December 2019 - 19:11

“USA Today”:"Trampın “Twitter”də fəallığı və neqativliyi artıb"

Gizli deyil ki, ABŞ Prezidenti Donald Tramp “Twitter” şəbəkəsində fəallığı ilə məşhurdur. Lakin onun sosial şəbəkələrdəki statuslarını təhlil edən ekspertlərin çoxunun fikrincə, Prezidentin bu fəallığı müxalifətçi demokratlar tərəfindən bilavasitə ona və administrasiyasına qarşı törədilən hadisələrlə bağlıdır.

AZƏRTAC xəbər verir ki, məsələn, təkcə şənbə günü səhər yeməyi vaxtı Ağ Evin rəhbəri “Twitter” şəbəkəsində 10-dan çox məlumat yerləşdirib. Tramp həmin statuslarda Nümayəndələr Palatasının spikeri, Prezidentin impiçmenti prosesində xüsusi fəallıq göstərən Nensi Pelosini kəskin tənqid edib, Hillari Klintonu “xəstə”, özünün Ukrayna ilə münasibətləri barədə sorğuları isə “zibil” adlandırıb.

“USA Today” qəzetinin araşdırmalarına görə, impiçment məsələsinə dair çərşənbə günü Nümayəndələr Palatasında keçirilmiş səsvermədən əvvəlki bir neçə ay ərzində Tramp “Twitter” şəbəkəsində həmişəkindən daha çox status yazıb, onun məlumatlarının məzmunu əvvəlkindən daha neqativ olub.

“USA Today” ekspert-analitikləri Trampın inauqurasiya mərasimindən indiyə qədər onun “Twitter” səhifəsində yerləşdirdiyi 8200-dən çox məlumatı təhlil edərək, bu qənaətə gəliblər ki, 2017-ci ildə Trampın məlumatlarında işlədilən sözlərin 14,9 faizi mənfi çalarlı olub. Cari ilin dekabr ayına qədər bu göstərici artaraq 16,4 faizə çatıb. Həmin məlumatlardakı pozitiv çalarlı sözlərin sayı isə 24,5 faizdən 19,9 faizə düşüb.

2019-cu ilin payızında impiçment prosesi başlanandan bəri bu dəyişikliklər daha çox nəzərə çarpır. Mənfi çalarlı sözlərin faiz nisbəti bu ilin avqust ayındakı 15 faizdən oktyabr ayında 19 faizə çatıb. Trampın “twit”lərində qəzəb ifadə edən sözlərin sayı da artıb. Onun hakimiyyətdə olduğu birinci ildə kin, nifrət çalarlı sözlərin sayı 7 faizdən az olduğu halda, bu il həmin göstərici artaraq 10 faizə çatıb.