XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 January 2020 - 12:11

“Liviyada vəziyyətin siyasi yolla həllini dəstəkləyirik”- Türkiyə XİN

Ərəb Dövlətləri Liqasının (ƏDL) Daimi Nümayəndələri Liviyadakı böhranı müzakirə etmək üçün ötən il dekabrın 31-də fövqəladə iclas keçirib. İclasın qərarına görə, Liviya böhranından çıxış üçün yeganə yolun siyasi müzakirələr olduğu ifadə edilir.

Azərtac xəbər verir ki, ƏDL-nin sözügedən qərarı ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb. Nazirliyin rəsmi saytında yer alan açıqlamada bildirilir ki, Türkiyə tərəfi Liviya Milli Keçid Hökumətini müdafiə edir, ölkədə vəziyyətin siyasi yolla həllini dəstəkləyir və Liviya xalqının sülh və azadlığı naminə zəruri olan bütün köməkliyi göstərəcək. Bildirilir ki, Liviya Siyasi Anlaşması (Suheyrat Anlaşması) və BMT Təhlükəsizlik Şurasının bu böhranla bağlı məlum qərarı xaricdən dəstək alan silahlı birləşmələr tərəfindən pozulmaqdadır. Təəssüflə vurğulanır ki, Ərəb Dövlətləri Liqası bu vaxtadək Liviyadakı qanunsuz silahlı dəstələrin fəaliyyətinə biganə qalıb.

Açıqlamada ifadə olunur ki, Liviyada liviyalıların iştirakı və sahibliyi ilə əhatəli və uzunmüddətli siyasi həll variantı silahlı birləşmələri cəsarətləndirməklə deyil, onları qanunsuz əməldən yayındırmaqla mümkündür.

Qeyd edək ki, Türkiyə ilə Liviya arasında təhlükəsizlik və hərbi yardımla bağlı anlaşma imzalanıb. Türkiyə Böyük Millət Məclisi bu sənədi təsdiqləyib. Türkiyə tərəfi Liviya hökumətinin müraciəti əsasında bu ölkəyə hərbi dəstək verməyə hazır olduğunu bəyan edib.