İranın sabiq prezidenti, Məsləhət Şurasının üzvü Mahmuud Əhmədinejad İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) “Qüds” Qüvvələrinin komandanı general-mayor Qasim Süleymaninin şəhadəti münasibətilə başsağlığı verib.
Strateq.az “Fars” agentliyinə istinadla xəbər verir ki, Əhmədinejad bəyanatında yazıb: “ABŞ hökumətinin qanlı terror hücum ilə general-leytenant Hacı Qasim Süleymani, ömrü boyu sonsuz səylər və çoxsaylı təhlükə səhnələrinə şahid olduqdan sonra şəhid yoldaşlarına qoşuldu. Müqəddəs Müdafiə illərinin komandiri və qazisi kimi o, hərbi əməliyyatların dizaynında və idarə edilməsində əvəzsiz bir şəxs və Ali Rəhbərin igid əsgəri idi. Onun bölgənin bütün vacib sahələrində və Amerika əleyhinə müqavimət hərəkatının təşkilində rolu çox vacib idi.
Ali Rəhbərə, mərhumun ailəsinə, yaxınlarına, yoldaşlarına bu acı hadisə ilə əlaqədar başsağlığı verirəm.
Əminəm ki, bölgənin ağıllı və ayıq xalqları regionda təhlükəsizlik, dostluq və qardaşlıq naminə birləşəcək, işğallar, talanlar və xarici müdaxilələri əngəlləyəcəklər”.