General Hacı Qasim Süleymaninin şəhadətindən sonra İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Qüvvələrinə yeni komandan təyin edilib.
Strateq.az “Lider.ir”-ə istinadla xəbər verir ki, Ayətullah Xamnəinin fərmanı ilə bu vəzifəyə briqada generalı İsmayıl Qaani təyin olunub.
İran Konstitusiyasına əsasən, Ali Baş Komandan vəzifəsini də icra edən Xamnəinin əmrinin mətnində deyilir: “İftixar sahibi olan şəhidin ruhunun asimana yüksəlişindən sonra İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Qüvvələrinə İsmayıl Qaani komandan təyin edilir. Həmin qüvvələrin proqramı şəhid Süleymaninin proqramı ilə eynidir. Həmkarlarının hamısına komandir Qaani ilə birlikdə olduqları və əməkdaşlıq etdikləri üçün təşəkkür edir, onlara ilahi hidayət və razılıq diləyirəm”.
İsmayıl Qaani Məşhəd şəhərində doğulub. İraq-İran müharibəsinin veteranıdır. Qaani 1997-ci ildə “Sepah” komandanı Rəhim Səfəvinin əmri ilə “Qüds” Qüvvələri komandanının müavini vəzifəsini icra edib.
Strateq.az oxucuları onun adına sabiq İran prezidenti mərhum Haşimi Rəfsəncaninin “Xatirat”ından bələddir. İsmayıl Qaani 1994-cü ildə Bakıya səfər edib.