NATO ABŞ Prezidenti Donald Trampın çağırışına müsbət cavab verərərək Yaxın Şərqdə regional sabitliyə daha çox töhfə verməyə hazır olduğunu bildirib.
“The Hill”in verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Tramp və NATO Baş Katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Tərəflər Yaxın Şərqdəki hadisələr, xüsusilə bölgədəki vəziyyət və NATO-nun rolunu müzakirə ediblər.
NATO-nun yaydığı məlumatda bildirilir ki, ABŞ Prezidenti Baş Katibdən NATO-nun Yaxın Şərq prosesində daha yaxından iştirak etməsini istəyib. Rəsmilər NATO-nun regional sabitliyə və beynəlxalq terrorizmlə mübarizəyə daha çox töhfə verəcəyinə dair razılığa gəliblər.
Daha sonra “Twitter”-də Tramp və Stoltenberqin telefon danışığını təsdiqləyən Ağ Evin mətbuat katibinin müavini Cudd Deere söhbət zamanı Yaxın Şərqdə münaqişənin qarşısının alınmasında və sülhün qorunmasında NATO-nun rolunun artırılmasının vacibliyinin vurğulandığını qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp məbuat konfransında İranın İraqdakı ABŞ hərbi bazalarına raket zərbələri endirməsindən sonra xalqa müraciətində NATO-nu Yaxın Şərq prosesində daha yaxından iştirak etməyə çağırıb.
Qeyd edək ki, NATO İŞİD-lə mübarizədə Qlobal Koalisiyanın üzvü kimi bölgədə rol oynayır və digər terrorçu qruplaşmalara qarşı mübarizə üçün İraq və Əfqanıstanda təlim missiyalarında iştirak edir. Hazırda Əfqanıstanda 8000 NATO əsgəri var.
Bununla belə Donald Tramp NATO-ya üzv ölkələrin ABŞ-ın müdafiə dollarlarına çox güvəndiyini iddia edərək, bu ölkələrin ittifaqın müdafiə xərclərinə az vəsait ayırması ilə bağlı tez-tez şikayətlənir. (apa)