İran Ukrayna təyyarəsinin raketlə vurulmasını videoya çəkən şəxsi həbs etdiyini deyib.
Saxlanan şəxsə qarşı milli təhlükəsizlik barədə ittihamların irəli sürüləcəyi gözlənilir.
PS752 təyyarəsi keçən həftənin çərşənbə günü Tehranda havaya qalxdıqdan sonra düşürülüb və nəticədə göyərtədə olan 176 nəfər ölüb.
İran təyyarənin səhvən vurulduğunu və hadisə ilə bağlı bir neçə nəfərin həbs edildiyini bildirib.
İran Prezidenti Həsən Ruhani deyib ki, ölkəsinin araşdırması “xüsusi məhkəmədə” aparılacaq.
“Bu, müntəzəm və adi məhkəmə işi olmayacaq. Bütün dünya bu məhkəməni izləyəcək”, o, çıxışında bildirib.
Ruhani vurğulayıb ki, “faciəvi hadisədə” təkcə bir nəfər günahlandırılmamalıdır.
“Bu, yalnız tətiyi çəkən şəxs deyil, həm də məsuliyyət daşıyan insanlardır” deyib.
İran ilk öncə təyyarənin raketlə vurulması iddialarını rədd etsə də, sonradan onun ölkənin hava müdafiə sistemləri vasitəsilə vurulduğunu etiraf edib.
Təyyarənin vurulması anının videosunun sosial mediada yayılması təhlilçilərə onun raketlə vurulmasını deməyə imkan verib.
Həbs edilən kimdir?
İran mətbuatı yazır ki, İranın İnqilab Keşikçiləri keçən həftə təyyarənin vurulma anı videosunu internetə yükləyən şəxsi təcridxanaya aparıblar.
Lakin görüntüləri ilkin olaraq paylaşan, Londonda yaşayan iranlı jurnalist yazır ki, onun xəbər mənbəyi təhlükəsizlikdədir və İran hakimiyyəti yalnış insanı saxlayıblar.
Çərşənbə axşamı günü İranın ədliyyə sözçüsü Qulamhüseyn Esmaili təyyarənin düşürülməsi ilə əlaqədar bir neçə nəfərin saxlandığını demişdi.
O, bildirib ki, 30 nəfərə yaxın adam “qanunsuz yığıncaqlarda iştirak etməyə” görə həbs olunub.
The New York Times yazır ki, təhlükəsizlik kameralarının görüntüləri təyyarəyə 20 saniyədən çox ara ilə iki raketin vurulduğunu göstərib. (BBC azeri)