XƏBƏR LENTİ

19 Fevral 2020
18 Fevral 2020

Digər Xəbərlər

17 Yanvar 2020 - 14:57

İran XİN:"Təyyarənin vurulması siyasiləşdirilməməlidir"

Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulması siyasi məqsədlər üçün istifadə edilməməlidir.

İRNA-nın verdiyi xəbərə görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi deyib.

Təyyarənin vurulması nəticəsində həyatını itirənlərin vətəndaşları olduqları 5 ölkənin Xarici İşlər nazirlərinin Londonda keçirilən görüşünə münasibət bildirən İran XİN sözçüsü bəzi açıqlamaların, hətta iclasın keçirilməsinin belə qəribə olduğunu bildirib.

“İran İslam Respublikası doğmalarını itirən ailələrin ağrılarını sakitləşdirmək üçün göndərilən nümayəndə heyətləri ilə çox sürətli və səmərəli əməkdaşlıq edir. Meyitlərin şəxsiyyəti müəyyənləşdirilib və bütün tərəflərin iştirakı ilə texniki araşdırmalar aparılır. Bu araşdırmalar qanun çərçivəsində İranın bütün müvafiq institutları tərəfindən müəyyən nöqtəyə qədər davam edəcək”, – deyə o, vurğulayıb.

Qeyd edək ki, 5 ölkənin Xarici İşlər nazirlərinin yanvarın 16-da Londonda keçirilən görüşündən sonra mətbuat konfransında Kanadanın Xarici İşlər naziri Fransua-Filip Şampan Kanada, Ukrayna, Əfqanıstan, İsveç və İngiltərənin İran hakimiyyəti ilə şəffaf bir şəkildə işbirliyinə ümid etdiyini deyib.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinin yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması barədə məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

Daha sonra İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğu ilə bəyanat yayıb. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәri Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib. (apa)