Beynəlxalq ictimaiyyət Liviyadakı uşaqların müharibə səbəbindən acınacaqlı vəziyyətə düşməsinə biganə qalmamalıdır. Məsum körpələr açılan atəşlərdən, partladılan bombalardan həyatlarını itirirlər. Onlar acınacaqlı vəziyyətdə, ayaqyalın, başıaçıq şəkildə qaçqın düşərgələrini gəzir, təhsil və müalicə ala bilmirlər.
Azərtac Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi saytına istinadla xəbər verir ki, bunu qurumun Uşaq Fondunun (UNİSEF) icraçı direktoru Henrietta Fore deyib.
İcraçı direktor Liviyadakı qaçqın və miqrant uşaqların müharibənin yaratdığı xaos və şiddətdən əziyyət çəkdiklərini bildirib. Qeyd edib ki, UNİSEF daim bu ölkədə uşaqların öldürülməsi, əlil olması və hərbi əməliyyatlara cəlb edilməsi barədə məlumatlar alır.
Qeyd edək ki, 2011-ci ildə Liviyada Qəddafi hakimiyyətinin devrilməsindən sonra ölkədə müharibə və çəkişmələr ara vermir.