XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

01 Fevral 2020 - 17:55

Trampın impiçmentinə dair səsvermə fevralın 5-nə təyin olunub

ABŞ Konqresinin Senatı impiçment prosesi çərçivəsində Prezident Donald Trampa qarşı ittihamın iki maddəsi üzrə səsverməni fevralın 5-nə təyin edib.

Azərtac Amerika mətbuatına istinadla xəbər verir ki, qanunverici orqanın yuxarı palatasının üzvləri Senatda respublikaçı çoxluğun lideri Mitc Makkonnellin müvafiq qətnaməsini böyük səs fərqi ilə dəstəkləyiblər. Səslər partiya xətti ilə dəqiq bölünüb: 53 respublikaçı senator təşəbbüsün lehinə, 47 demokrat isə əleyhinə səs verib.

“ABŞ Senatı üzvlərinin əksəriyyəti belə qərara gəlib ki, çoxsaylı şahidlər və sübut qismində işə daxil edilmiş 28 min səhifəlik sənədlər Nümayəndələr palatasının ittihamları barədə rəy tərtib etmək və impiçment üzrə bu məhkəmə işini dayandırmaq üçün yetərlidir”, – deyə Makkonnell qeyd edib.

Fevralın 5-də impiçment proseduru çərçivəsində keçiriləcək yekun səsvermədə Donald Trampın bəraət qazanacağı gözlənilir. Səsvermənin debatlar aparılmadan və aralıq addımlar atılmadan keçiriləcəyi bildirilir.

Xatırladaq ki, ötən il dekabrın 18-də İcmalar Palatası Prezident Donald Trampa vəzifədən sui-istifadə və Konqresin təhqiqatına maneə olma ittihamları üzrə impiçment elan edib. Prezidentin vəzifədən kənarlaşdırılması üçün senatorların 2/3 hissəsinin səsi lazımdır. Hazırda ABŞ senatında çoxluq respublikaçıların tərəfində olduğundan, çox böyük ehtimalla impiçment bu etapda bloklanacaq.