Misirin və dünyanın bir çox təşkilatları, habelə dövlət qurumları, o cümlədən Kanada parlamenti Maqi Ana kimi tanınan misirli Maqda Qobranın 2020-ci il Nobel Sülh mükafatına namizədliyini irəli sürüblər.
Bu barədə Misirin Miqrasiya Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Kanada parlamentinin deputatı Qarnett Geniusun təşəbbüsü ilə Maqi Ana yoxsul və savadsız qadınlara uzun illər etdiyi yardımlara görə ən yüksək sülh mükafatına namizəd göstərilib. O, 2012-ci ildə də həmin mükafatın namizədləri sırasında olub.
Maqi Ana humanitar fəaliyyətinə görə beynəlxalq aləmdə böyük nüfuz qazanıb. 2019-cu ildə ABŞ-ın birinci xanımı Melanie Tramp və dövlət katibi Mayk Pompeo Vaşinqtonda keçirilən Beynəlxalq Cəsur Qadınlar Mükafatının (International Women of Courage Awards) təqdimat mərasimində ona xüsusi mükafat təqdim ediblər. Bundan başqa, “Misirin Tereza Anası” adlanan Maqi Ana bir sıra ərəb dövlətlərinin mükafatlarına layiq görülüb. O, Qahirə Amerika Universitetinin professoru karyerasından imtina edərək, bütün həyatını yoxsul qadınların və uşaqların təhsilinə, rifahına həsr edib. Bu məqsədlə “Stivensin uşaqları” adlı xeyriyyə cəmiyyəti yaradan Maqi Ana yoxsul ailələrə ərzaq və tibbi, məktəb ləvazimatı yardımlarını da təşkil edib. Məhz onun bu fəaliyyətinin sayəsində 2017-ci ildə Misirdə savadsızlıq 25,7 faiz azalıb(azərtac).