XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

24 Fevral 2020 - 09:54

Dünyanın bir sıra ölkələri İranla əlaqələri dayandırdı –Koronavirus təhlükəsinə görə

Pakistan koronavirus təhlükəsi ilə əlaqədar Taftan sərhəd məntəqəsi vasitəsilə İranla nəqliyyat əlaqəsini dayandırıb.

Bu barədə “Dawn” telekanalına Bəlucistan əyalətinin daxili işlər naziri Mir Ziyaulla Lanqove bildirib. Qeyd edilir ki, bu tədbirlər ölkə vətəndaşlarının təhlükəsizliyi baxımından həyata keçirilir.

Əfqanıstanın hakimiyyət orqanları isə virus epidemiyası ilə bağlı İranla hava və quru əlaqəsini müvəqqəti dayandırmaq barədə qərar qəbul edib. Bu barədə “Tolo News” telekanalı ölkənin Milli Təhlükəsizlik Şurasına istinadən xəbər verib.

Qeyd edək ki, analoji addımı Türkiyə də atıb. Ölkə epidemiya təhlükəsindən sonra İranla sərhədi bağlayıb. Eyni zamanda Gürcüstan da İranla gediş-gəlişi məhdudlaşdırıb. Hökumətin bununla bağlı qərarı koronavirusun Gürcüstan ərazisinə yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində qəbul olunub. Qərara əsasən, İrandan Gürcüstana sərnişin axını dayandırılacaq. İran aviaşirkətlərinə Gürcüstandakı iranlı turistlərin vətənə qaytarılması üçün şərait yaradılacaq.

İraq da özünün cənub-şərqindəki Maysan əyalətinin İranla sərhəddəki “Əş-Şib” keçid məntəqəsini bağlayıb. İranda koronavirusa yoluxma halları baş verəndən sonra İraq Səhiyyə Nazirliyinin tövsiyəsi əsasında Maysan əyalətinin qubernatoru keçid məntəqəsini bağlamaq qərarını verib.

Ermənistan da analoji addım ataraq İrana gediş-gəlişi dayandıranlar arasındadır. Ölkənin hakimiyyət orqanları İranla sərhədi müvəqqəti bağladıqlarını açıqlayıblar.

İranla gediş-gəlişi dayandıran ölkələr arasında İordaniya da var. Bu ölkənin hakimiyyət orqanları Cənubi Koreya, Çinlə yanaşı, İran vətəndaşlarına da öz ərazisinə girişi qadağan edib.

Qeyd edək ki, ötən gün respublikamızın Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi koronavirus təhlükəsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb. Dövlət Gömrük Komitəsi Çin Xalq Respublikasında aşkar edilən və qonşu İran İslam Respublikasında da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparıldığını və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.

Xatırladaq ki, rəsmi məlumata əsasən İranda koronavirusa yoluxanların sayı 40 nəfəri ötüb. Ölkədə 8 nəfər yeni epidemiyanın qurbanı olub. Lakin bir sıra kütləvi informasiya vasitələri bu rəqəmlərin açıqlanan göstəricilərdən çox olduğunu iddia edirlər. (Report)