XƏBƏR LENTİ

08 Aprel 2020
07 Aprel 2020

Digər Xəbərlər

27 Fevral 2020 - 00:16

Nazir David Zalkaliani:"Avropa Şurası Nazirlər Komitəsinin iclası Tbilisidə keçirilməyəcək"

Gürcüstan tərəfinin xahişinə əsasən Avropa Şurası Nazirlər Komitəsinin növbəti iclası bu ilin may ayında Tbilisidə deyil, Strasburqda keçiriləcək.

Azərtac xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani məlumat verib.

Nazir bildirib ki, Avropa Şurası Nazirlər Komitəsinin iclasının əvvəlcə bu ilin may ayında Tbilisidə keçirilməsi nəzərdə tutulmuşdu: “Avropa Şurasına üzv olan 47 ölkənin yüksək səviyyəli nümayəndə heyətini Gürcüstanda qəbul etmək bizim üçün böyük şərəfdir. Lakin biz ölkədə sabitliyin yenidən pozulmasına imkan verə bilməzdik. Ona görə də iclasın Strasburqda keçirilməsi barədə qərar qəbul olundu”.

Xatırladaq ki, Avropa Şurasının yüksək səviyyəli tədbirlər üçün öz nizamnaməsi var və Gürcüstan sədr ölkə olaraq bütün məsələləri katiblik səviyyəsində koordinasiya edir.

Avropa Şurası Nazirlər Komitəsinə sədrlik ötən il noyabrın 27-dən etibarən 6 ay müddətinə (2020-ci il mayın 15-dək) Gürcüstana keçib. Sədrlik dövründə Gürcüstanda Avropa Şurasının ümumilikdə 20-dək tədbirinin keçirilməsi planlaşdırılır.

Məlumat üçün qeyd edək ki, keçən ilin iyun ayında Pravoslavlıq Parlamentlərarası Assambleyanın Tbilisidə keçirilən iclasında rusiyalı deputat Sergey Qavrilovun çıxışından sonra Gürcüstanda siyasi vəziyyət gərginləşdi. Parlamentdə təmsil olunan müxalifət nümayəndələri sessiyanın rusiyalı deputat tərəfindən açılmasına etiraz edəndən sonra Rusiya nümayəndə heyəti parlament binasını tərk etməyə məcbur olub. Bundan sonra uzun müddət səngiməyən mitinqlər keçirilib.

Gürcüstan hökuməti may ayında Tbilisidə Avropa Şurası Nazirlər Komitəsinin iclasında Rusiya tərəfinin iştirakı zamanı yenidən gərginliyin yaşanmaması üçün toplantının Strasburqda keçirilməsi ilə bağlı Avropa Şurası katibliyinə müraciət edib.