XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Mart 2020 - 23:54

Qırğızıstanın sabiq Prezidentinin məhkəməsi qapalı keçiriləcək

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin məhkəməsi martın 23-də qapalı rejimdə keçiriləcək.

Azərtac xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bişkekin Pervomaysk rayon prokurorluğunun nümayəndəsi Temirbek Bekmamatov bildirib.

O qeyd edib ki, sabiq Prezidentin işi üzrə 14 nəfər məsuliyyətə cəlb olunub. Onların arasında Qırğızıstan Prezident Aparatının sabiq rəhbəri Farid Niyazov, hazırkı və sabiq deputatlar, digər vəzifəli şəxslər var.

Xatırladaq ki, ötən il avqustun 7-8-də sabiq Prezidentin tutulması ilə bağlı keçirilən əməliyyatda hər iki tərəfdən, ümumilikdə, 136 nəfər yaralanmış, bir xüsusi təyinatlı həlak olmuşdu.

Almazbek Atambayev avqustun 8-də hökumət qüvvələrinə təslim olub və həmin gündən Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılır. O, kütləvi iğtişaşlar törətmə, hökumət qüvvələrinə qarşı güc tətbiqetmə, dövlət çevrilişi, adamöldürmə, korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldəetmə və digər maddələrlə ittiham olunur.

Qeyd edək ki, Almazbek Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib.