XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

07 Mart 2020 - 19:30

Yaponiya 2,8 milyon çinlinin vizasını ləğv edib- Koronavirusa görə

Yaponiya yeni koronavirusun yayılması təhlükəsi ilə əlaqədar 2,8 milyon çinliyə və 17 min Cənubi koreyalıya verdiyi vizanı ləğv edib.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, həmin addım bu günlərdə Baş Nazir Şinzo Abenin virusun yayılması ilə bağlı tənqidlərə cavab olaraq sərhəd nəzarətini gücləndirmək və qonşu ölkələrdən girişi məhdudlaşdırmaq barədə elan etdiyi tədbirlər çərçivəsində görülüb.

Qeyd edilir ki, həmin tədbirlərə bu ölkələrin hər biri fərqli münasibət bildirib. Belə ki, Cənubi Koreya bu addımı kəskin tənqid edərək analoji addımlar atacağını elan edib. Çin isə bu məhdudiyyətləri cəmiyyətin sağlamlığının qorunması üçün zəruri addım kimi qəbul edib.

Eyni zamanda, martın 9-dan başlayaraq, Honkonq və Makao vətəndaşlarına verilən vizaların da martın 31-dək ləğv olunduğu bildirilir.

Hazırda Yaponiyada olan Çin və Cənubi Koreya vətəndaşlarının ölkədə qalma müddəti qüvvədə saxlansa da, onlar Yaponiyanı tərk etdikləri təqdirdə məhdudiyyətin qüvvədə olduğu müddətdə həmin viza ilə geri dönə bilməyəcəklər.

Bununla yanaşı, Yaponiya Çindən və Cənubi Koreyadan gələn səyyahlardan dövlət müəssisələrində iki həftə ərzində karantində qalmağı xahiş edəcək.

Yaponiya Səhiyyə naziri Katsunobu Kato deyib ki, həmin iki ölkədən gəlmiş əcnəbi vətəndaşlara otellərdə, yaponlara isə evlərində qalmaları tövsiyə ediləcək.

Yaponiya, həmçinin Cənubi Koreya, Honkonq və Makaodan qısa müddətə gələn turistlər üçün vizasız giriş proqramını da dayandıracaq.

Əlavə olaraq bildirək ki, son məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 1140 nəfərə çatıb. Bu virusun yaratdığı xəstəlik nəticəsində 12 nəfər ölüb(azərtac).