Gürcüstanın bütün təhsil müəssisələrində yaz tətilinin vaxtı aprelin 1-dək uzadılıb.
Azərtac xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurasının toplantısında qərar qəbul edilib.
Qərar ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə qəbul olunub.
Gürcüstanda məktəblilərin yaz tətili martın 9-dan 16-dək nəzərdə tutulsa da, yaz tətili martın 2-dən başlanıb.
Ölkənin ali məktəblərində də tətil elan olunub. Universitetlər hazırda distant təhsil layihəsinin tətbiqi barədə müzakirələr aparır. Çox güman ki, ali məktəblərdə təhsil distant sistem üzrə davam etdiriləcək.
Xatırladaq ki, bu günə qədər qonşu ölkədə 23 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Müxtəlif səbəblərdən 136 nəfər karantində saxlanılır. Daha 46 nəfər stasionar müalicə olunur.