Dəməşqdən reportaj

Savaşdan qaçanların yanından keçib, savaşan ölkənin paytaxtına gedən qəzetçinin gördükləri və çəkdikləri…
Reportajı önəmli bir qeydlə başlamaq istəyirəm. Sosial şəbəkədə Suriyaya səfər edəcəyim haqqında status yazanda qəribə mənzərə ilə üzləşdim. Kimsə quruma rəhbərlik edən Vətən Partiyasının sədri Doğu Perinçeki PKK-lı adlandırdı, başqa birisi gedişimizin Türkiyə və Səudiyyə Ərəbistanında Azərbaycana qarşı qıcıq yaradacağı haqda yazdı, dostlar riskli olduğu üçün yoldan qayıtmağı məsləhət bildilər. Sələfi mediası da o gün-bu gün bizi hədəfə götürüb…
Düşünürəm, cövhərində xəbəri tapmaq, görmək istəyi olan heç bir qəzetçi belə bir şansı əldən verməzdi. öncə onu deyim ki, heyətdə fərqli siyasi görüşlü insanlar birləşmişdi – Rusiya ilə İranı Türkiyə siyasətində gözardı etməyin doğru olmadığını düşünən Doğu Perinçek, CHP-nin İzmir millət vəkili seçilən, bir neçə ay öncə partiyadan istefa verən, atatürkçü professor Birgül Ayman Gülər, Türkiyə ordusunun sabiq kəşfiyyat rəisi general İsmayıl Haqqı Pekin, AKP-nin 3 qurucusundan biri, Ərdoğan və Abdulla Gülün israrla partiyada qalma təkliflərini rədd edərək AKP-dən istefa verən baş nazirin keçmiş müavini, keçmiş maliyyə naziri Abdullatif Şener, müdafiə naziri Barlas Doğu, Türkmən Məclisinin sədri professor ümit Akkoyunlu, dünyaya daha çox iqtisadı çıxarlar gözü ilə baxan antalyalı iş adamı Mehmet Ali, əsas problemi Suriyadakı 2 min hektar torpağını İraq kürdlərindən təmizləmək olan kürd əşirət ağası Abdulkadir Yıldız…
Necə deyərlər, 4 tərəf xəbər qaynayır. Belə bir heyətlə yola çıxmaqdan imtina edən, məncə, qələmi qoysun, başqa işə keçsin. Səfərin Türkiyə və Səudiyyə Ərəbistanında qıcıq yaradacığına gəlincə, bu, tam mümkün məsələdir. Onların işi qıcıqlanmaq, bizim işimiz isə gördüyümüzü yazmaqdır. Risk və təhlükə haqqında xəbərdaqlıqların nə qədər yerində olduğunu isə Bakıya döndükdən sonra daha yaxşı anlamağa başlamışam… Niyəsini deyəcəm.
İstanbulda Dəməşqə birbaşa reyslə gedəcəyi qərarlaşdırılsa da son gün plan dəyişdi – hava limanında bir neçə terrorçu yaxalandığı üçün. Heyəti dəvət edən Suriya prezidenti Bəşər Əsəd Livan prezidenti Tammam Salamdan Türkiyə heyətinin təhlükəsizliyi üçün yardım istədi.
Uçuşdan qabaq İstanbulun Atatürk Hava Limanında brifinq keçirən heyət VİP salonda sürpriz bir qonaqla – İranın sabiq prezidenti Mahmud Əhmədinejadla qarşılaşdı. Əhmədinejad Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın vəfat ildönümünə görə İstanbula gəlibmiş. 20 dəqiqə davam edən səmimi söhbətdən, xatirə şəkillərindən sonra hərə öz yoluna davam etdi.
Axşam saatlarında Beyruta enən heyəti Bəşər Əsədin xüsusi mühafizə dəstəsinin üzvləri ilə yanaşı, Livanın təhlükəsizlik qüvvələrinin nümayəndələri qarşıladı.
Hər maşında 2 heyət üzvü şofer də daxil, 4 silahlı mühafizəçi olmaqla yola çıxırıq. Kartejin önündə “miqalkası və sirenası” 2 saatlıq yol boyu heç sönməyən polis maşını, ondan sonra mühafizəçilərin zirehli maşını, yola düzəldik. Livanla Suriyanı ayıran Bekaa vadisindən keçərkən səfərin həyəcanlı bölümü artıq başlamışdı.
Bu ərazilərdə də silahlar illərdir susmur. ““Hizbullah” olmasaydı, İŞİD bu bölgələri də “qılıncdan keçirmişdi”, deyirlər. Hökumət qüvvələrinin və “Hizbullah”ın nəzarət etməsinə baxmayaraq, vadidəki yollar çox təhlükəli sayılır. Hər tərəf Suriyadan gələn qaçqınların çadırları ilə doludur.

İŞİD-in belə nəzarətsiz,
dağınıq yerlərə keçməsi, hətta tərəfdar toplaması o qədər də çətin deyil, deyirlər. Maşınların təhlükəli dağ keçidlərini belə saatda 170-180 km sürətlə keçməsi, pəncərələrimizin qara şüşələri, üstəlik, gecənin qaranlığı ətrafı aydın seçməyə, kameranı işə salmağa imkan vermir. Sürətdən şikayətimiz də qəbul olunmur, ərəb qardaşlar deyir ki, sürət bizim təhlükəsizliyimiz üçündür – təhlükəli yolları tez keçməliyik. Təxminən 70 kilometrlik, aşırımları heç bitməyəcək kimi uzanan dağ yolunun sonunda Bekaaya enirik. Hollivud filmlərindəki sürət səhnələrini yaşadıq deyə bilərik. Hələlik bitən aşırımlardı, yol da, sürət də yerindədi. Vadidən Suriya sərhədinə təxminən 40 dəqiqəyə çatdıq. Sərhədin VİP salonunda bizi Suriya xarici işlər nazirinin müavini qarşıladı. Yarıyolun həyəcanını murra – suriyalıların gələnəksəl içkisi ilə unutdurmağa çalışırlar. Balaca fincanın dibində təxminən 2 qurtumluq qaynanmış və çoxlu ədviyyat qatılmış qəhvədi murra. Burada pasportlarımızla 3 günlük vidalaşırıq.

Sərhəddə kilometrlərlə uzanan avtomobil növbələri var. İŞİD təhlükəsindən qaçan insanların bir hissəsi də Livana sığınır. Böyük yük maşınları ilə gedənlər nisbətən imkanlı və hələ işğal edilməmiş ərazilərin adamlardır – əşyalarını çıxarmağa zamanları olub. üstüaçıq yük maşınlarında nazik geyimli, his-pas içərisində xeyli qadın və uşaq görürük.
Onlar savaşdan qaçanlardır. Kişilər cəbhədə qalıb. Qadınlar və uşaqlar Livana – BMT-nin çadır şəhərciklərinə göndərilir. Köhnə, sınıq salxaq avtomobillər də qadınlarla, uşaqlarla doludur. 4-5 nəfərlik maşınlara az qala 10 nəfər minib. Maşınları görəndə “sosdemlər”in keçmiş liderləri Zərdüşt Əlizadə yadıma düşür. Bu yaxınlara qədər onun da belə bir avtomobili vardı. ötən əsrin 80-ci illərində SSRİ-nin Suriya böyükelçiliyində işləyəndə almışdı. O zaman Suriya bölgənin ən inkişaf etmiş, sakit ölkələrindən sayılırdı…
öyrənirik ki, bu qış Suriyanın Livandakı qaçqınları üçün son dərəcə ağır keçib. Aclıq və səfalətdən ölənlərin sayı çoxalıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının büdcəsi azaldıldığından bütün qaçqınları yedizdirməyə, geyindirməyə, müalicə etməyə yetməyib. Söylədiyimiz rəsmi xəbər olsa da suriyalılar bunu daha çox bəhanə sayır.
Onların fikrincə, dünya sadəcə Suriyanı təkləmək, nə yolla olur-olsun Bəşər Əsədi devirmək istəyir. Bunun üçün də silah səslərindən, qan-qadadan baş götürüb qaçdıqları bölgələrə terrorçu göndərir, insanlar faktiki olaraq təbiətin ümidinə buraxılır. Milyardlarla pulu “təşkilati xərclər” adı ilə havalara sovuran humanitar qurumlar onlara ən çox ehtiyacı olan insanlara yiyə durmur.

Bu gün Ərəbistan yarımadasında minlərlə suriyalı var ki, onları ancaq günəş qızdırır, yağış çimdirir, torpaq öz ot-ələfi ilə yemləyir. Bu sözləri insan haqqında yazmaq çox acı və ağrıdıcıdır. Ancaq gerçək budur. Bir Əsədi devirmək üçün milyonlarla insan zülmə məhkum edilib. Son xəbərlərə görə, savaş başlayandan 6 milyon insan ölkədən gedib. 23 milyonluq bir ölkə üçün böyük rəqəmdir. Təxminən hər 4 insandan biri Vətəndən getməyə məcbur olub. ölkə içərisində 4 milyon yarım insansa yaşayış yerini dəyişmək məcburiyyətində qalıb. Savaşda ölənlərin sayı 300 minə yaxındır. İtkinlərin sayı hər gün artır… Suriyanın qapısında öyrəndiyimiz bu xəbərlər ölkədə necə böyük bir fəlakət yaşandığını sübut edən ilk faktlardır.
***
Yenidən yol… Dəməşqə, türklərin Şam dediyi tarix incisinə yaxınlaşırıq. Bir zaman ərəb dünyasının göz bəbəyi, mədəniyyət abidələri ilə zəngin, nağıllar şəhəri Dəməşqin miskin görüntüsü ürək ağr
ıdır. Hər tərəf iç savaşın nişanlarını daşıyır. Yarıuçuq binalar, yolların ortasında bombaların açdığı xəndəklər, mərkəzə yaxınlaşdıqca yolların hər kilometrində qurulan beton maneələr. Betonları ziqzaq keçib hotelə doğru şütüdükcə hər məhəllədə qum torbaları, ələ keçən daş, taxta parçaları ilə qurulan istehkamları görürük. Hər istehkamın yanında 4-5 silahlı var. Aralarında qadınlar da görünür. İndi Suriyada hər kəs öz evini, məhəlləsini qoruyur. Suriyalı mühafizəçilərimiz küçələrdə şəkil və video çəkməmək üçün xəbərdarlıq edir və bunun xahiş yox, tələb olduğunu bildirirlər. Onların sözlərinə görə, Suriyadan yeni şəkillər yayıldıqca Dəməşqi yaxşı tanıyan İŞİD-çilərin köməyi ilə blok-postlar müəyyən edilir və raket atəşinə tutulur.

Dəməşqin bu gün yeganə bəzəyi prezident Bəşər Əsədin şəkilləridir. Ərəblərin təbirincə desək, rəisi-cümhurun atası Hafiz Əsədlə çəkdirdiyi şəkillər, general formasında gözlüklü pozaları, gülümsəyən və əl eləyən rəsmləri böyüdülüb Dəməşqin küçələrinə vurulub. Gecə saatları olsa da mərkəzdə həyat canlıdır. Dükanlar açıq, avtobuslar işləyir, insanlar yollarda, hərə öz işində-gücündə. Şəhərdə ilk baxışda heç bir gərgin hava yoxdur. Sanki savaş bitib, sadəcə, şəhər bərpa edilməyib. Ancaq bu, ilk baxışda belədir… Qısa aralıqlarla polis və təcili yardım maşınlarından gələn “sirena” səsləri, şəhərin üzərindən uçan hərbi vertolyotlar, küçələrdə silahlı şəxslərin çoxluğu barış və təhlükəsizliyin bu torpaqlardan hələ çox uzaqda olduğunu bildirir.
***
Bizi Dəməşqin rəsmi qonaqlarının yerləşdirildiyi “Dama Rose” hotelinə gətirirlər. Ana yoldan dönüb binaya aparan 150 metrlik küçədə 2 yerdə beton maneələr qurulub, binanın ətrafı sərhədlərdə gördüyümüz elektrikli naqillərlə hasarlanıb. Hotelin sahibi Türkiyədən gələn heyəti şəxsən qarşılayır. Qonaqlara qızılgül şərbəti paylanır. Otaqlarımıza yerləşdirilərkən, təhlükəsizlik üçün binadan çıxmamağımız tapşırılır. Səhər 9-da hazır olmalıyıq, “Suriyanın YAP-ı”na – BAAS Partiyasına baş katiblə görüşə gedəcəyik.
(davamı var)
Aygün Muradxanlı