XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

01 Aprel 2020 - 23:10

Dünya nəhəngləri koronavirusa qarşı –Avtomobil əvəzinə tənəffüs aparatı...

Avtomobil əvəzinə ağciyər üçün süni tənəffüs aparatları, ətir və viski əvəzinə isə əl üçün dezinfeksiyaedici gel istehsal edirlər. Bununla böyük biznesin nümayəndələri “Covid-19” virusu ilə mübarizəyə töhfə vermək istəyirlər.

Koronavirus pandemiyasına görə ABŞ, Avropa və Asiyanın böyük korporasiyaları zavodların fəaliyyətini dayandırıblar. Ancaq virusa yoluxanların müalicəsinə yardım məqsədilə bir çoxu həyati əhəmiyyətli defisit avadanlıqların – ilk növbədə süni tənəffüs aparatlarının (STA) istehsalına başlamağı vəd edib.

“University College” London xəstəxanasının əməkdaşları “Mercedes F-1” qrupu ilə birlikdə mövcud STA aparatlarından daha təkmil olduğu iddia edilən yeni cihazın hazılandığını elan ediblər.

“Nissan”, “McLaren” və “Meggit” şirkətləri ağciyər üçün yeni növ tənəffüs aparatı hazırlayacaqlarını açıqlayıblar.

Formula 1 üçün yarış avtomobilləri istehsal edən digər şirkətlər də yaxın günlərdə tibbi materiallar və cihazların istehsalına başlamağın yollarını axtarırlar. Dizaynerlər, konstruktorlar və texniki komandalar bu layihədə iştirak edəcəklərini bildiriblər: “Biz vaxtın az, işin miqyasının çox geniş olduğunu dərk edirik və bütün diqqətimizi bu layihəyə yönəltmişik”.

Hindistanın “Mahindra Group” şirkəti də öz zavod və fabriklərini STA istehsalına yönəldir. Bunu korporasiyanın yaradıcısı və rəhbəri milyarder Anand Mahindra deyib.

Şirkətin saytında yazıldığına görə, bu konqlomerat kənd təsərrüfatı traktorlarının istehsalı üzrə dünyada, elektromobil istehsalı üzrəsə Hindistanda liderdir.

“Fiat” şirkətinin Çindəki zavodlarından biri həftənin əvvəlindən etibarən tibb maskalarının istehsalı üçün hazırlıq işlərinə start verib. Şirkətin rəhbəri Mayk Manley deyib ki, yaxın həftələrdə istehsala başlayacaqlar.

Bill Geyts və “Amazon” şirkətinin rəhbəri Ceff Bezos alyans yaradıblar: Microsoft qurucusunun fondu Seattle şəhərindəki Seattle Coronavirus Assessment Network (SCAN) qrupunu maliyyələşdirir, “Amazon Care” isə Covid-19 testlərinin təcili çatdırılması işini öz öhdəsinə götürüb.

Burundan götürülən yaxmanın analizi ABŞ-da epidemiyanın əsas mərkəzlərindən birində – Vaşinqton ştatının King dairəsində koronavirusa yoluxma yollarının öyrənilməsi üçün lazımdır.

ABŞ prezidenti Donald Tramp özünün Twitter hesabında Elon Maskın korporasiyasını və digər şirkətləri tərifləyib:

“Ford, “General Motors” və “Tesla” şirkətlərinə süni tənəffüs aparatlarının və digər metal məmulatların hazırlamaları üçün yaşıl işıq yandırılıb. Mümkün qədər tez! Buyurun, avtomobil bosları, görək, öhdəsindən gələcəksinizmi?”

Amerika administrasiyası tibbi avadanlıqların istehsalı üçün sertifikat verilməsi prosesini sürətləndirib.

Trampın sadaladığı nəhənglər həqiqətən də STA istehsalında iştirak etmək təşəbbüsüylə çıxış ediblər. Yaponiyanın “Nissan” şirkəti və Formula 1-dəki britaniyalı mühəndislər də onlara qoşulub.

Ancaq STA istehsalçıları onun çox spesifik avadanlıq olduğunu və bu yeni texnologiyanı mənimsəməyə müəyyən qədər vaxt lazım gələcəyini deyirlər.

“İstər detallarına, istərsə də elektron içliyinə görə STA son dərəcə həssas aparatdır” – “Vired” nəşrinə müsahibəsində Yens Hallek belə deyib. O, ağır pnevmoniya hallarında istifadə edilən bu çox vacib avadanlığın istehsalçısı “Hamilton Medical” şirkətinin rəhbəridir.

Əvvəllər Pentaqonda çalışmış bir nəfər “Washington Post” qəzetinə deyib ki, istehsal prosesini STA hazırlanmağa uyğunlaşdırmaq üçün avtomobil və aerokosmik avadanlıq zavodlarına bir ildən çox vaxt lazım gələcək.

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi Elan Mask hələ ki, Çindən 1255 STA alıb və avadanlığın Los Anceles şəhərinə çatdırılma haqqını da ödəyib. O öz “Twitter” hesabında bu aparatın Çində ehtiyac duyulandan artıq olduğunu yazıb, malı yubatmadan buraxdıqları üçün Çin və ABŞ-ın gömrük xidmətlərinə təşəkkürünü bildirib.

“Christian Dior”-dan sanitayzer

Parfümeriya, şərab və viski fabrikləri koronavirusla mübarizə üçün istehsal etdikləri mayelərin növünü dəyişiblər: ətir və spirtli içki əvəzinə dezinfeksiyaedici gellər və məhlullar hazırlayırlar.

“Christian Dior” şirkətnn törəməsi “LVMH Moet Hennessy Louis Vuitton SE” şirkəti əl üçün gel istehsalıyla məşğul olacaq.

“Dior”, “Givench” və “Guerlain” markaları üçün ətirlər hazırlanan 3 fabrik ehtiyatda olan xammaldan – etil spirti, təmizlənmiş su və qliserindən bu məqsədlə istifadə edəcək.

Sanitayzer doldurulmuş minlərlə şüşə artıq Paris xəstəxanalarına göndərilib. “Wall Street Journal” təəssüflə qeyd edib ki, dezinfeksiyaedici gellər ətirli deyil.

Bütün dünyada şərab və konyak zavodları olan “Pernod Ricard” korporasiyası (Fransa) da ABŞ-dakı (Kentucky, Qərbi Virciniya, Texas) zavodlarında belə gellərin istehsalına başlayıb.

“Absolyut” arağını hazırlayan şöbələr anbarlarındakı xammalı gel istehsal edən fabriklərə göndərib. (BBC)