XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

05 Aprel 2020 - 17:28

“DÜNYA ƏRZAQ BÖHRANI ASTANASINDADIR” –Nüfuzlu mərkəzdən xəbərdarlıq

Dünya ərzaq sistemi koronavirus pandemiyası üzündən indiyədək görünməmiş təlatümə məruz qalıb və bu, ərzaq məhsullarının qiymətinin kəskin bahalaşmasına gətirib çıxara bilər. Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Nyu-York Universiteti yanında Beynəlxalq Əməkdaşlıq Mərkəzinin (CIC) hesabatında qeyd olunub.

Hesabata görə, bahalaşma riski ən çox buğda və düyününü qiymətindədir: “COVID-19-un yayılması şəraitindən ərzaq qiymətləri böhranının yaranması riski çox realdır”.

Bunun əsas səbəblərindən biri əhalinin panikaya düşərək bir sıra ərzaq məhsullarını daha çox istehlak etməsi, digər səbəbi isə əksər ölkələrin sərt izolyasiya tədbirləri üzündən tələbin azalmasıdır: “Biz hesab edirik ki, buğda və düyünün qiymətinin kəskin artması fonunda digər məhsulların ucuzlaşması riski böyükdür”.

Hesabata görə, Əfqanıstan, Nigeriya, Almaniya, Avstraliya kimi ölkələrdə ilkin tələbat mallarnın qiymətinin kəskin artması təhlükəsi artıq reallığa çevrilməkdədir.

Düyünün qiymət etalonu kimi qəbul edilən tay düyüsünün qiyməti 3 aydır davamlı olaraq artaraq 1 ton üçün 560 dollara çatıb. Bu, 2013-cü ildən bəri ən yüksək qiymətdir. Çikaqo əmtəə birjasında buğdanın qiyməti martın ikinci yarısında 15 faiz artaraq 1 buşel üçün 5.72 dollara çatıb. Belə qiymət volatilliyinin birinci səbəbi ixracatçı ölkələrin tətbiq etdiyi məhdudiyyətlərdir. Məsələn, dünyanın üçüncü böyük düyü ixracatçısı olan Vyetnam daxildə ərzaq təhlükəsizliyini təmin etmək üçün ixracı müvəqqəti olaraq tam dayandırıb. Ən böyük düyü idxalçısı olan Çin ölkədə ehtiyat yaratmaq üçün rekord həcmdə düyü almaq niyyətini açıqlayaraq yüksək qiymətlər təyin edib.

Ən böyük buğda ixracatçısı olan Rusiya Avrasiya İqtisadi İttifaqından kənar ölkələrə satışı 7 milyon tonla məhdudlaşdırıb.

CIC ekspertləri düyü və buğda kimi strateji ərzaq məhsullarının bahalaşmasının hazırda Əfqanıstan və bəzi Afrika ölkələrində başlayan sosial etirazların digər ölkələrdə də baş qaldırmasına səbəb ola bilər. Buna görə də onlar ölkələri məhdudiyyətləri qarşılıqlı əlaqələndirmə əsasında tətbiq etməyə çağırırlar.

Qeyd edək ki, bir neçə gün əvvəl BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı da dünya dövlətlərinə müraciət edərək məhdudiyyət tətbiq edərkən ərzaq təminatını nəzərə almalarını tövsiyə etmişdi.

Təşkilat hesab edir ki, böyük ixracatçılar satışa məhdudiyyət tətbiq edərsə, bu, dünyada əsas ərzaq məhsullarının qıtlığına gəririb çıxara bilər.

/Azpolitika.info