XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

07 Aprel 2020 - 13:08

“COVID-19-da Çin təqsirkardır” –Britaniya hökumətinin rəyi

Böyük Britaniya hökuməti yeni koronavirusun Çinin Uhan şəhərindəki bir laboratoriyadan təsadüfən sızdığını iddia edib.

Strateq.az “Mail on Sunday”-ə istinadla xəbər verir ki, əksər mütəxəssislər bu ehtimalı nəzərdən keçirirlər. Onlar virusun Çinin Uhan şəhərində canlı heyvanların satıldığı bir bazardan yayılması və xəstəliyin heyvanlardan insanlara keçməsinə inanırlar.

Baş nazir Boris Consonun hökumətindəki səlahiyyətlilər bunun ən çox ehtimal olunan izahat olduğuna əmindirlər. “Virusun təbiətinə əsasən [zoonotik nəzəriyyəyə] etibarlı alternativ bir fikir var, – deyə hökumətin yüksək vəzifəli məmurlarından biri bildirib. – Bəlkə də Uhanda laboratoriyaların olması da təsadüfi deyil”.

Uhana yaxın ərazidə iki elmi laboratoriya var: Virusoloji İnstitut və Uhan Xəstəliklərə Nəzarət Mərkəzi. Hər iki obyekt xəstəliyin keçən ilin sonlarında başladığı güman edilən heyvan bazarından 10 mil məsafədədir.

ABŞ-dakı bəzi elm adamları da təsadüfi laboratoriya sızmasının mümkün izahat olduğunu düşünürlər. Bu barədə “Washington Post” qəzetinin köşə yazarı David İqnatius hələ ötən həftə bir məqalə yazıb.

İqnatiusun istinad etdiyi bioloq – Rutgers Universitetinin Vaksman Mikrobiologiya İnstitutunun professoru Riçard Ebraytdır. O,  Uhandakı virusları araşdıran bir çox tədqiqatçının infeksiyaya qarşı “minimal qorunma”sı olduğunu bildirib.

Riçard Ebraytın sözlərinə görə, mövcud dəlillərlə “laboratoriya sızmasını istisna etməyə heç bir əsas yoxdur”.

Boris Conson hökuməti Çinin koronavirusla əlaqəli ifadələrinin doğruluğunu şübhə altına almağa başlayıb. Ötən həftə İngiltərə rəsmiləri Çin dövlətinə qarşı sərt ifadələr işlədiblər.

Martın 29-da Böyük Britaniyanın naziri Maykl Qov da BBC-də Çinin rəsmi virus izahına şübhə ilə yanaşdığını söyləyib. “Çində ilk koronavirus hadisəsi ötən ilin dekabr ayında təsbit edilib, lakin hesabatlarda onun miqyası, mahiyyəti, yoluxucu olması ilə bağlı aydınlıq yox idi”.

Keçən həftə İngiltərə parlamentinin Xarici İşlər Komitəsinin hesabatı da Çin hökumətini virusun yayılması ilə bağlı dezinformasiya yaymaqda ittiham edib.