XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 April 2020 - 20:13

İraq baş nazirliyinə yeni namizəd –Kəşfiyyat Xidmətinin rəhbəri

İraq prezidenti Bərham Salih baş nazir vəzifəsinə sayca üçüncü şəxsin namizədliyini irəli sürüb.

Strateq.az “AFP”-yə istinadla xəbər verir ki, bu, kəşfiyyat xidmətinin başçısı Mustafa Kazimidir.

Milli Kəşfiyyat Xidmətinin 53 yaşlı rəhbəri  dünya birjalarında neft qiymətlərinin düşməsi və yeni koronavirusun yayılması nəticəsində ortaya çıxan büdcə böhranı ilə üzləşdiyi bir vaxtda İraq hökumətə rəhbərlik edə bilər.

“Bu çox böyük məsuliyyətli və çətin bir işdir”, – deyən Salih Kazimini dürüst və ağıl sahibi biri olaraq səciyyələndirib.

Siyasi rəqiblər və hətta Birləşmiş Millətlər Təşkilatının İraqdakı daimi nümayəndəsi də onun təqdimat mərasiminə qatılıb. Bu da əvvəlki baş nazir təyin olunmuşların heç birinin malik olmadığı geniş dəstəyi göstərir.

Onun sələfi Adnan Zurfi namizədliyini “daxili və xarici səbəblərə görə” geri götürüb.

Zurfi Bağdadda geniş siyasi və hərbi nüfuza sahib, habelə İranla yaxın əlaqələri olan sərt şiə qruplarının etirazını doğurmuşdu.

Mütəxəssislərin fikrincə, baş nazirliyə namizəd olan şəxsə İraqın şiə, kürd və sünni icmalarından, eləcə də İran və onun rəqibi ABŞ-dan yaşıl işıq yandırmalıdır.

AFP-yə yaxın mənbələrin verdiyi məlumata görə, bir neçə həftəlik lobbiçilikdən sonra Mustafa Kazimi bu dəstəyi qazana bilib.

İraqda siyasi fiqur kimi az tanınan Mustafa Kaziminin əsl adı Mustafa Əbdüllətif Muştatdır. 1967-ci ildə Bağdadda doğulub və ixtisasca hüquqşünasdır.

“Kazimi” əslində, jurnalist kimi fəaliyyət göstərdiyi illərdə onun götürdüyü təxəllüsdür. Bir müddət baş redaktoru olduğu “əl-Əsbəviyyə” jurnalının sahibi İraqın indki prezidenti Bərham Salihdir.

Səddam dövründə uzun müddət Londonda yaşamış Kaziminin xarici vətəndaşlığı yoxdur və siyasi cəhətdən bitərəfdir. 1989-cu ildə haqqında qiyabi ölüm cəzası verilib.

2003-cü ildə İraqa qayıtdıqdan sonra jurnalistika ilə məşğul olub, Səddam dövrünün cinayətlərini araşdıran institut yaradıb.

İraq Kəşfiyyat Xidmətinə 2016-cı ildə sabiq baş nazir Heydər İbadinin sərəncamı ilə rəhbər təyin olunub.