XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

22 Aprel 2020 - 14:12

İnsan alveri qurbanı olan şəxslərdən dövlət rüsumu tutulmayacaq- Qanun dəyişir

Xarici ölkələrdən ekstradisiya edilən, insan alveri qurbanı olan şəxslərə ölkəyə qayıtmaq üçün qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumunun tutulmaması təklif edilir.

“Report”un xəbərinə görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə qanunun 17.7-ci bəndi yeni redaksiyada verilir: Yeni redaksiyaya əsasən diplomatik və ya xidməti pasporta malik olan, xarici ölkələrdə təhsil alan (müvafiq təsdiqedici sənəd təqdim edildikdə), dövlət xətti ilə pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan, xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya edilən, insan alveri qurbanı olan, yaxud 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.

Yeni layihəyə əsasən, bu maddənin birinci cümləsində göstərilən hallardan başqa digər hallarda xarici ölkədə ümumvətəndaş pasportunu itirmiş və ya həmin pasportu oğurlanmış Azərbaycan Respublikasının vətəndaşı bu barədə xarici ölkənin müvafiq polis orqanı tərəfindən verilmiş təsdiqedici sənəd təqdim etdikdə ona qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.

Maddənin hazırkı variantı isə belədir: “Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan, pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan və ya xarici ölkələrdən deportasiya edilən Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur”.