XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

25 Aprel 2020 - 18:50

Siciliya turistlərə aviabiletlərin qiymətinin 50 faizini ödəməyi vəd edir

Siciliyanın hakimiyyət orqanları koronavirus pandemiyasından sonra adada turizmin bərpası üzrə strategiya çərçivəsində turistlərə aviabiletlərin qiymətlərinin yarısını, həmçinin mehmanxana hesablarının bir hissəsini ödəməyi vəd edib.

Azərtac “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, region hakimiyyəti adada turizmin inkişafı üzrə yeni strategiyaya əsasən, aviabiletlərin qiymətinin 50 faizini və yerləşmə obyektində hər üçüncü gecənin xərcini ödəməyə hazırdır. Bundan başqa, turistlər muzeylərə və arxeoloji qazıntı yerlərinə pulsuz biletlər alacaq. Təkliflər üzrə çeklər “Visit Sicily” saytına yerləşdiriləcək. Siciliyanın hakimiyyət orqanları bu proqrama 50 milyon avro xərcləməyi nəzərdə tutur.

Qeyd edək ki, adanın turizm sektoru mart və aprel aylarında 1 milyard avroya yaxın vəsait itirib. İtaliyada ümumdaxili məhsulun 13 faizi turizm sahəsinin payına düşür və ölkə mayın 4-nə nəzərdə tutulan karantindən mərhələli çıxış prosesindən sonra sektorun yenidən inkişafı üçün vasitələr axtarır.

İtaliya epidemioloji vəziyyətin çox gərgin olduğu dövlətlərdən biridir. Ölkə koronavirus infeksiyasından ölüm hallarına görə ABŞ-dan sonra ikinci yerdə gəlir. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 16:30-a olan məlumatına əsasən, İtaliyada 192 mindən çox yoluxma və 25 min 969 ölüm faktı qeydə alınıb, 60 min 106 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.