XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

27 Aprel 2020 - 14:53

2019-cu ildə ümumi qlobal hərbi xərclər 1,917 trilyon dollar olub- Hesabat

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yeni hesabatı dərc olunub. APA-nın məlumatına görə, hesabatda qeyd olunur ki, 2019-cu ildə ümumi qlobal hərbi xərclər 1,917 trilyon dollara çatıb.

2019-cu ildə ümumi xərcləmələr 2018-ci ilə nisbətən 3,6 faiz artıb və bu, 2010-cu ildən bəri illik ən böyük artımdır.

2019-cu ildə hərbiyə ən çox pul xərcləyən ilk beşlikdə ABŞ, Çin, Hindistan, Rusiya və Səudiyyə Ərəbistanı gəlir, bu ölkələrin xərcləri bütün xərclərin 62 faizini təşkil edir.

İlk dəfədir ki, iki Asiya ölkəsi hərbi xərclərə görə ilk beşlikdə yer alıb.

Çin və Hindistanla yanaşı, Yaponiya (47.6 milyard dollar) və Cənubi Koreya (43.9 milyard dollar) Asiya və Okeaniyada hərbi sahəyə bu il ən çox vəsait qoyanlar sırasındadır.

Avropada isə bu il hərbi xərclərə görə Almaniya ilk sıradadır. 2019-cu ildə Almaniyanın hərbi xərcləri 10 faiz artaraq 49.3 milyard dollara çatıb. Bu, 2019-cu ildə hərbiyə ən çox vəsait ayıran 15 ölkə arasında ən böyük rəqəmdir.

Fransa və İngiltərənin 2019-cu il üçün hərbi xərclər nisbətən sabit qalıb.

Mərkəzi Avropadan NATO-ya üzv ölkələri arasında hərbi xərclərə görə Bolqarıstanda 127 faiz artım qeydə alınıb. Bolqarıstan 2019-cu ildə ən çox hərbi təyyarələrə pul xərcləyib.  2019-cu ildə NATO-ya üzv 29 ölkənin hamısının ümumi hərbi xərcləri 1,035 trilyon dollar olub.

2019-cu ilin hesabatında şimal qonşumuz Rusiya dördüncü sırada qərarlaşıb. Ölkənin hərbi xərcləri 4,5 faiz artıraraq 65.1 milyard dollara çatıb ki, bu da ÜDM-in 3.9 faizinə bərabərdir.

2019-cu ildə qlobal hərbi xərclər qlobal ümumi daxili məhsulun (ÜDM) 2,2 faizini təşkil edib.

SIPRI Tədqiqatçısı Nan Tian bildirib ki, 2019-cu ilin qlobal hərbi xərcləri 2010-cu illə müqayisədə 7.2 faiz çoxdur.

“Rəqəmlər hərbi xərclərin artımının sürətləndiyini göstərir. Bu, 2008-ci il qlobal maliyyə böhranından bəri ən yüksək xərc səviyyəsidir”, – deyə o qeyd edib.