XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

28 Aprel 2020 - 20:44

Türkiyənin COVID-19-la mübarizəsi və pandemiyadan sonrakı dövrə keçid planı –Açıqlandı

COVID-19 pandemiyası ilə mübarizədə Türkiyə dünyanın qabaqcıl ölkələrindən biridir. İstər sərhədlərin vaxtında bağlanması, istərsə də ölkə daxilində aparılan qabaqlayıcı tədbirlər 82 milyondan çox əhalisi olan Türkiyə ərazisində xəstəliyin yayılmasının qarşısını əhəmiyyətli dərəcədə alıb.

Hazırda ölkənin hər bölgəsində pandemiya mərkəzləri fəaliyyət göstərir, hər biri min nəfər üçün nəzərdə tutulan iki pandemiya xəstəxanası inşa edilir. Xəstəliklə mübarizə istiqamətində ölkədə aparılan tədbirlər çərçivəsində hər həftə sonları Türkiyənin 30 böyük və bir kiçik şəhərində komendant saatı elan edilir. Bu şəhərlərdə yoluxma riski yüksək olan 65 yaşdan yuxarı və daşıyıcı ola biləcəyi ehtimalına qarşı 20 yaşdan aşağı əhalinin küçəyə çıxma qadağası davam edir. Növbəti komendant saatı mayın 1-dən 3-dək olan tarixlərə nəzərdə tutulur. Ümumiyyətlə ölkə ərazisində şəhərlərarası hərəkət xüsusi icazə ilə mümkündür.

Hazırda Türkiyədə süni nəfəs aparatları və sürətli COVID-19 testləri istehsal olunur, maskalar əhaliyə pulsuz paylanılır, dezinfeksiyaedici vasitələrin istehsalı artırılıb. Yeni növ koronavirusa yoluxanlara plazmaterapiya müalicəsi tətbiq olunur. Ölkənin dövlət müəssisələrinin böyük əksəriyyəti “evdən iş” rejimində fəaliyyət göstərirlər. Türkiyə ərazisində kafe, restoran, alış-veriş mərkəzləri kimi əhalinin sıx toplandığı bütün obyektlərin fəaliyyəti tamamilə dayandırılıb. İctimai nəqliyyatın da fəaliyyəti ən aşağı səviyyəyə endirilib.

Ölkədə yoluxma zəncirinin qarşısının alınması məqsədilə xüsusi qruplar yaradılıb. Bu qruplar vasitəsilə COVID-19 aşkarlanan şəxsin son 14 gün ərzində ünsiyyətdə olduğu hər kəs testdən keçirilir.

Bütün bu tədbirlərin nəticəsi olaraq hazırda Türkiyə ərazisində yoluxma və ölüm saylarında azalma, sağalanlarda isə əhəmiyyətli dərəcədə artım müşahidə edilir. Son göstəricilərə əsasən sağalanların sayı test nəticəsi müsbət çıxanlarla müqayisədə artıb ki, bu da yoluxanların sayında azalmaya səbəb olur.

Hazırda Türkiyədə pandemiyadan sonrakı dövrə keçidlə bağlı yol xəritəsi hazırlanır. Plana əsasən, nazirliklər və bir sıra qurumlarla bağlı yeni qərarlar qəbul ediləcək. Bununla bağlı başda ölkənin Daxili İşlər, Mədəniyyət və Turizm, Kənd Təsərrüfatı və Meşəçilik nazirlikləri olmaqla bir çox qurumların fəaliyyət planı işlənir. Yol xəritəsinə əsasən, ilk növbədə, beş gün ərzində yeni yoluxma faktı qeydə alınmayan şəhərlərdə karantinin dayandırılması planlaşdırılır. İstanbulda isə sərt nəzarətin davam etdiriləcəyi bildirilir.

Türkiyədə yaradılan koronavirus üzrə elmi şuranın mütəxəssisləri indi ölkə ərazisində xəstəliyin idarə olunması üzərində işləyirlər. Bunun üçün xüsusi qrup yaradılıb. Bu qrupun açıqlayacağı hazırlıqlara əsasən karantinin yüngülləşdirmə istiqamətləri müəyyən ediləcək.

Türkiyə iqtisadiyyatının əhəmiyyətli hissəsini təşkil edən turizm sahəsində də mərhələli keçid prosesinə hazırlıq artıq başlanılıb. Ölkədaxili turizmin fəaliyyətinin bərpa olunması üçün bir sıra tədbirlər nəzərdə tutulur. Bu tədbirlərin əsasını nəqliyyat vasitələrinin dezinfeksiyası, bu sahədə işləyənlərə sağlamlıq arayışlarının verilməsi və pandemiya ilə bağlı təlimlərin keçirilməsi təşkil edir. Bundan əlavə hava limanı, otel, kafe, restoran kimi müəssisələrə xüsusi sertifikatların verilməsi də planlaşdırılır. Beynəlxalq turizmdə isə Türkiyəyə səfər edəcək xarici ölkə vətəndaşlarından böyük ehtimalla xüsusi sağlamlıq arayışları tələb olunacaq.

Türkiyədə hazırda ilk növbədə, ölkədaxili turizmin bərpa olunması istiqamətində işlər aparılır. Bundan sonra dünya ölkələri arasında pandemiyanın gedişatı nəzərə alınaraq ardıcıl olaraq sərhədlərin açılması da gözlənilir.

Onu da qeyd etmək lazımdır ki, pandemiyadan öncə Türkiyədə turizm sektorunun son 20 ilin ən yüksək gəlir səviyyəsinə çatması gözlənilirdi(azərtac).