XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

30 Aprel 2020 - 19:02

Tramp rəsmi Seula daha çox vəsait ayıracaq- ABŞ qoşunlarının saxlanması üçün

Prezident Donald Tramp rəsmi Seulun Koreya Respublikasındakı ABŞ qoşunlarının (USKF) saxlanma xərcləri üçün daha çox vəsait ayrılmasına razılaşdığını açıqlayıb.

Azərtac Yonhap agentliyinə istinadla xəbər verir ki, D.Tramp “Reuters”ə müsahibəsində belə deyib. Koreyanın Prezident ofisi və Xarici İşlər Nazirliyi isə hələlik məsələ ilə bağlı hər hansı razılaşma əldə olunmadığını, danışıqların davam etdiyini bildirib.

Qeyd edək ki, müttəfiqlərin ABŞ qoşunlarının 2020-ci il üçün saxlanması xərcləri ilə bağlı ciddi fikir ayrılığı var. Bu səbəbdən hələ də Birləşmiş Ştatların 28 min 500 nəfər şəxsi heyəti olan hərbi kontingentinin saxlanma xərclərinin bölüşdürülməsinə dair konkret nəticə əldə edilməyib. Rəsmi Vaşinqton Koreyanın ayıracağı vəsaiti 5 dəfə çoxaltmasını təkid edir. Koreya tərəfi isə ABŞ qoşunlarının saxlanmasına ayrılan vəsaiti imkanları daxilində və ədalətli şəkildə artıra biləcəyini bəyan edib.

Ötən həftə KİV-lərdə belə bir məlumat yayılmışdı ki, rəsmi Seul 2019-cu ildə ödədiyi 870 milyon ABŞ dollarından 13 faiz çox vəsait ayıra biləcəyini bildirib. D.Tramp isə Koreyanın təklifini rədd edərək, rəsmi Seulun daha çox ödəməli olduğunu bildirib. Koreya Respublikası Xarici İşlər naziri xanım Kan Kyun-hva 13 faizlik artımın ölkəsi üçün ən yuxarı hədd olduğunu deyib.

USKF-in saxlanma xərcləri ilə bağlı danışıqların getdiyi vaxtda ABŞ hərbi bazalarında çalışan təxminən 4 min koreyalı aprelin 1-də ödənişsiz məzuniyyətə buraxılıb. Ekspertlər Birləşmiş Ştatların bundan öz qoşunlarının saxlanma xərcləri ilə bağlı danışıqları rəsmi Seula təzyiq aləti kimi istifadə etdiyini bildirirlər.