İsrail mətbuatı İranın dini rəhbərinin ölümcül xəstəliyini “möcüzə” adlandırdı
Yaxın Şərq mətbuatı təsdiq edir ki, İranın ali dini rəhbəri ölüm ayağındadır. Tehranda bu barədə susurlar. Ekspertlər ayətullahı kimin əvəz edəcəyi barədə dartışırlar: ya klerikalların dəstəklədiyi daha bir sərt mühafizəkar-fanatik, ya da “atomla bağlı” Qərblə asanlıqla razılaşa biləcək liberal.
Cümə axşamı ərəb və İsrail KİV xəbər verdi ki, İİR lideri, 76 yaşlı ali ayətullah Əli Xamenei bu günlərdə xəstəxanaya düşüb. Düzdür, bu hələ şayiədən başqa bir şey deyil, rəsmi Tehran bu barədə susur. Ayətullah payızın əvvəlində o zaman uğurlu görünən əməliyyata məruz qalmışdı, lakin indi qəzetlər yazır ki, o, yenidən xəstəxanaya yerləşdirilib və vəziyyəti ağır olaraq qalır.
Xamenei 1989-cu ildən İranın ali rəhbəridir. 1981-1989-cu illərdə ali ayətullahdan sonra ikinci hesab edilən prezident vəzifəsini tutub. Onun əlində, demək olar, bütün hakimiyyət cəmləşib – eyni zamanda ölkənin həm dini, həm də siyasi lideri və Ali Baş Komandandır. Gündəlik iqtisadi fəaliyyətə başçılıq edən prezident də ayətullahın nəzarəti altındadır.
Teokratiyanın tüğyanı
Xameneinin rəsmən “birinci müavini” yoxdur, buna görə də ruhani rəhbəri heç kim əvəz edə bilməz. Amma ən nüfuzlu dini xadimlərdən – 86 ağsaqqaldan ibarət şura onu “qabiliyyətsiz” elan edə bilər. Şuranı səs hüququ olan bütün iranlılar seçir. Şura rəhbəri müvəqqəti işdən götürə bilir, ölüm halında isə yeni rəhbərin adını elan edir.
Rusiyalı ekspert – Rusiya EA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Vladimir Sajin güman edir ki, liderin öləcəyi halda şurada üç əsas iddiaçı müzakirə olunacaq: “Favorit isə Ağsaqqallar Şurası sədrinin müavini ayətullah Mahmud Haşimi-Şahrudi olacaq. Yaşı da onun xeyrinədir – cəmi 66 yaşı var ki, şuranlın digər üzvləri fonunda cavanlıq hesab etmək olar. İkinci namizəd praqmatik, mərkəzçi, keçmiş prezident Əl Əkbər Haşimi Rəfsəncani hesab olunur. O, xaricdə ən məşhur siyasətçidir və yeri gəlmişkən, ölkədə ən varlı adamdır. Əlbəttə, o, nüfuzlu adamdır, lakin xeyli əleyhdarı və opponentləri var. Həm də o, Xameneidən qocadır, yaşı 80-dən yuxarıdır. üçüncü olaraq İranın məhkəmə sisteminin başçısı ayətullah Sadiq Laricaninin adını çəkirlər. O, liberal kimi ad çıxardıb, lakin yenə də İran arşınıyla”.
Professor “liberalla mərkəzçi”nin şansını zəif hesab edir, çünki şurada mühafizəkarlar üstünlük təşkil edir. Sajin güman edir ki, Şahrudi isə Həsən Ruhani 2013-cü ildə prezident seçildikdən sonra baş vermiş zəiflikləri bərkitməyə başlayacaq. Belə olan halda İranda və onun ətrafında durum dəyişəcək”.
Sajin hesab edir ki, Ağsaqqallar Şurasında səvermənin nəticəsini sezmək, demək olar, mümkün deyil: “Bu şura Vatikanda Papanı seçən konklavı xatırladır. Toplantı qapalı keçirilir və xalqa yalnız yekun nəticə elan olunur. Mən sizə üç soyadı çəkdim, lakin bütün bunlar şərtidir”.
Sajin xatırlayır: “1989-cu ildə ayətullah Xomeyni xəstələnəndə mən Tehranda idim. Hətta televiziya onun yatdığı xəstəxanadan canlı yayım aparırdı. Kimin varis ola biləcəyi barədə çoxlu söz-söhbət gəzirdi. Və tamamilə başqa soyadları səslənir, Xameneinin adını çox az adam çəkirdi. Sonradan aydın olduğu kimi, namizədlər reytinqində Xamenei, ümumiyyətlə, 14-cü yerdə imiş. Lakin ən müxtəlif güzəşt və gedişatdan çıxış etməklə ağsaqallar yekunda onun namizdəliyində razılığa gəlmişdilər.
Fars xalçasınnı naxışı
Avropa İranşünaslar Cəmiyyətinin üzvü Vladimir Yurtayev deyir ki, “İranda bir özəllik var: diri ayətullahın yazılı vəsiyyəti yerinə yetirilir, sonra möminlərin haqqı var ki, onun təsdiqini ali rəhbərdən tələb etsinlər. Rəhbərin ölümü daxili və xarici siyasətdə, xüsusən də nüvə proqramı üzrə danışıqlarda pis formada əks oluna bilər. Nəzərə alsaq ki, indiki rəhbər İranın atom silahına malik olmayacağı, ola bilməzliyi, hətta istehsal etməyəcəyi barədə fitva vermişdi, onda mən ona uzun ömür arzulamazdım. Yeni rəhbər meydana çıxsa, onda məcbur olacaq ki, bu önəmli məsələ ilə bağlı yeni fitva versin”.
Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski, əksinə, əmindir ki, rəhbərin ölümü İslam Respublikasının siyasətinə təsir etməyəcək: “İran Sovet İttifaqına çox oxşayır. Ancaq orada kommunizm əvəzinə İslam şiəliyi var. İran nə edirsə, onu edəcək. İran – imperiyadır və həm yaxın ətrafı ilə, həm də uzaq çevrəsi ilə özünü imperiya kimi aparır. İran nüvə silahı üzərində işləməklə onu əldə edəcək və bununla yayılmama rejimi pozulacaq. İran Amerika ilə və Amerikann ardınca onu sanksiyalara məruz qoyanların hamısı ilə münasibətləri normallaşdırır. İran Xəzərdəki maraqlarını kəskin şəkidə qoruyur”.
Satanovskinin fikrincə, İran da Rusiya və çin kimi öz strategiyasında qəti şəkildə təkidli olan ölkələr kateqoriyasına daxildir: “Bunlar ki, farslardır! Həm də milliyyətindən asılı olmayaraq azərbaycanlılar və kürdlər də daxil olmaqla. Onlara qarşı istənilən basqıya dözümsüzdürlər. Ticarətə, o cümlədən, “altılıqla” danışıqlara gəlincə isə, onda 2500 il xalça alveri etmiş xalqı üzrlü bilin, o, alver etməyi bacarır. Həm də onu üstələməyə çalışanların hamısından yaxşı”.
Politoloq hesab edir ki, ayətullahın dəyişilməsi ilə ancaq çalarların dəyişməsi mümkündür: “İran, əlbəttə, dünyada liberallaşama deyilənə gedir. Ruhaninin Əhmədinecatı əvəz etməsi əslində onu bildirdi ki, qoca dini isteblişment qılınca deyil, dəyənəklə hərəkət etməyə üstünlük verən dünyəvi qanadı əzdi və ölkədə çox şey korlandı. Lakin bütünlükdə ölkənin kursu ardıcıl olaraq qalacaq.”
Prostat xərçəngi – sadəcə, möcüzədir
Cümə axşamı İsrail mətbuatı Tehrandan gələn məlumatla bağlı öz sevincini gizlətmədi. Jewish Business News nəşri Xameneinin sağlamlığının pisləşməsini “purim möcüzəsi” adlandırıb.
İsrail baş nazirinin keçmiş müşaviri, politoloq Benni Briskin bildirib ki, “ölkəmizin ən nəhs dostunun ölümü halında İsraildə heç kim göz yaşı axıtmayacaq. Yəhudilər hər cür möcüzəni sevirlər. Və elə bu gün Purim bayramı qeyd olunur – bu, şən, karnaval kimi bir bayramdır. O, elə həmin Farsistandan, yəni çağdaş İrandan qaynaqlanan və yəhudi xalqının qırılmaqdan qurtuluşu ilə bağlıdır. Təkrar edirəm, heç kim ağlamayacaq. Lakin başa düşürük ki, İranın rəhbərliyi kollektiv rəhbərlikdir. Əslində, İranı müdriklər şurası idarə edir, buna görə də varislik yaxşı təmin olunub. Bir şəxsin gedişi, çətin ki, daxili, hətta xarici kursu dəyişdirsin. İranda dəyişimlər mümkündürsə də, onda bu, yalnız ölkənin əhalisindən asılıdır. Bütün məlumatlara əsasən, orada yetərincə yaxşı qüvvələr var – birinci növbədə rejimdən narazı düşən tələbələr. Lakin xaricdən dəstək olmadan çevriliş etməyə onların gücü yetmir”.
Politoloq heç bir dəyişiklik – o cümlədən nüvə proqramı üzrə də – gözləmir: “Budur, Əhmədinecata baxanda Ruhani də böyük liberal s
ayılırdı. Budur, liberal gəldi və nə oldu? Qərbin “İndi danışıqlar aparmaq olar” qərarından başqa heç nə dəyişilmədi”.
Ekspert onun həmkarlarının adlarını çəkdiyi üç namizədin şansını qiymətləndirməkdən imtina etdi: “Tehrandan “sızıntı” buraxırlar ki, guya biri liberal, o biri mərkəzçi, digəri mühafizəkardır. Bu, hiyləgər şərqli, fars oyunudur. Kim gəlir-gəlsin, xətt dəyişilməyəcək”.
Qaynaq: vzqlyad.ru
Materialı Fərzuq Seyidbəyli təqdim etdi.