Bankın Pekindəki mənzil-qərargahından bildiriblər ki, vəsait milli səhiyyə sisteminin gücləndirilməsi ilə Hindistanın yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizəsinə dəstək məqsədi daşıyır. “COVID-19 fövqəladə cavab və səhiyyə sisteminin hazırlığı” layihəsi Dünya Bankı ilə birlikdə maliyyələşdirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Asiya İnfrastruktur İnvestisiya Bankı dövlət və özəl sektordan olan müştərilərin pandemiya ilə əlaqədar artan tələbatını ödəmək üçün COVID-19 böhranına qarşı fondunu 2 dəfə artıraraq 10 milyard ABŞ dollarına çatdırıb. Bank fonddan əsasən 3 sahə üzrə vəsait ayrılmasını məqsədəuyğun hesab edib. Bunlar səhiyyə infrastrukturunun yaradılması və pandemiyaya hazırlığın təmin edilməsi ilə səhiyyənin yüklənməsinin yüngülləşdirilməsinə yardım göstərilməsi, işçi kapital və likvidlik çatışmazlığını həll etmək üçün maliyyə təşkilatları vasitəsilə likvidliyin dəstəklənməsi, hökumətlərin COVID-19-un humanitar və maliyyə təsirlərinin aradan qaldırılmasına diqqət yetirə bilməsi üçün çoxtərəfli inkişaf bankları ilə tərəfdaşlıq şəraitində maliyyə dəstəyinin göstərilməsidir. Hindistandan başqa, Türkiyə də pandemiyanın iqtisadiyyata təsirlərinin aradan qaldırılmasına dəstək üçün özünün iki inkişaf bankına 500 milyon dollar məbləğində kredit xəttinin ayrılması barədə sorğu göndərib. İndoneziya isə xəstəxanaların hazırlıq vəziyyətini və test imkanlarını yüksəltmək üçün 250 milyon dollar kredit istəyib. AIIB COVID-19 böhranına qarşı fondundan Çinə ictimai səhiyyə infrastrukturunun müasirləşdirilməsinə və infeksiyanın yayılması şəraitində təcili avadanlıq təminatının həlli üçün 355 milyon dollar kredit ayırıb.
Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən 2016-cı ilin yanvarında yaradılan bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələri maliyyələşdirir. AİİB fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla 71 layihəyə, ümumilikdə, 14,27 milyard dollar kredit ayırıb(azərtac).