XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

10 Mart 2016 - 12:02

Makedoniya miqrantların ŞimaliAvropaya əsas yolunu bağladı

miqrant-1.JPG

Avropa Birliyinə (AB) üzv dövlətlər miqrasiya böhranının həllinə dair Ankaranın yeni təkliflərini alqışladıqlarını bəyan ediblər. Bu təkliflər Türkiyə baş naziri Əhməd Davudoğlu tərəfindən AB-Türkiyə sammitində təqdim olunub. Avropa Şurasının rəhbəri Donald Tusk qurumun mart ayında keçirilməsi planlaşdırılan növbəti sammitində bu məsələni qəti razılaşdırmaq məqsədilə bəzi detalları Türkiyə tərəfi ilə dəqiqləşdirəcək.

Türkiyə hökuməti Yunanıstan adalarına qeyri-leqal şəkildə gəlmiş bütün miqrantları geriyə qəbul etməyə hazır olduğunu bildirib. Ankaranın təklifinə görə, belə miqrantların hər birinin müqabilində Avropa Birliyi siyasi sığınacaq hüququna malik olan bir Suriya vətəndaşını Türkiyədən çıxarmalı olacaq.

Rəsmi Bratislava bu təklifi maraqlı həll adlandırıb. Və bəyan edib ki, həmin təklifin reallaşması bir neçə həftə ərzində qaçqınların sayının “dramatik şəkildə azalmasına” gətirib çıxara bilərdi.

Slovakiyanın baş naziri Robert Fitso vurğulayıb ki, nəzərdə tutulan saziş onun ölkəsi üçün miqrantların bir daha yenidən paylanması zərurəti demək olmayacaq. Bununla belə, Slovakiya artıq qəbul etdiyi öhdəliklər çərçivəsində müəyyən sayda qaçqınları “qaynar nöqtələrdən” köçürə bilər.

Çex Respublikası da suriyalı qaçqınların bir hissəsini birbaşa Türkiyədən qəbul etməyə və bununla da miqrantların Avropa Birliyi ölkələri arasında bölüşdürülməsi çərçivəsində indiki öhdəliklərinin bir hissəsini yerinə yetirməyə hazırdır. Bununla belə, Çexiya çoxlu sayda qaçqın qəbul etməkdən əvvəlki kimi imtina edir.

Çexiyanın baş naziri Boquslav Sobotka suriyalıların Türkiyədən köçürülməsinin yalnız müvəqqəti xarakter daşıdığını düşünür. Baş nazir Avropa Komissiyasının sədri Can Klod Yunkerə məktubunda miqrasiyaya dair məlumat mübadiləsini AB üzvü olmayan Balkan ölkələri ilə də yaxşılaşdırmaq üçün tədbirlər görməyə çağırıb.

B.Sobotka əmindir ki, bu dövlətlərin sığınacaq istəyənlərin və AB sərhədlərini qanunsuz keçməyə cəhd edərkən tutulan şəxslərin identifikasiyası ilə bağlı məlumatlardan müvafiq qaydada istifadə etmək imkanı olmalıdır.

Yunkerə məktub fevral ayında Praqada miqrasiya böhranının həlli imkanlarını Bolqarıstan və Makedoniya nümayəndələri ilə birlikdə müzakirə edən dördlük ölkələrinin (Çexiya, Slovakiya, Macarıstan və Polşa) baş nazirlərinin razılığı ilə göndərilib.

Makedoniya hökuməti isə bəyan edib ki, bundan sonra Yunanıstanla sərhədindən miqrant buraxmayacaq. Beləliklə, miqrantların Şimali Avropaya getdiyi əsas yol tamamilə bağlanmış oldu.

Makedoniya hökuməti bu qərarı Sloveniya, Serbiya və Xorvatiya tərəfindən sərhədlərdə nəzarət gücləndirildikdən sonra qəbul edib.

Məsələn, Sloveniya öz sərhədindən yalnız həqiqətən çarəsiz qalan, eləcə də sığınacaq almaq xahişi ilə Sloveniya hakimiyyətinə müraciət etmək istəyən miqrantları buraxır. Nəticədə miqrantlar Makedoniyada toplanır.

Hazırda əksəriyyəti Şimali Afrika və Yaxın Şərqdən olan qaçqınların böyük hissəsi yaşayış üçün daha rahat hesab etdikləri Avropa ölkələsinə çatmaq üçün Sloveniya ərazisindən istifadə edir. Onlar Türkiyəyə, sonra da dənizlə Yunanıstana gedir, oradan Balkanlar üzərindən Avropaya doğru hərəkət edirlər.

Sloveniya hökumətinin son qərarından dərhal sonra Serbiya bəyan edib ki, vizası və ya ölkədə qalmaq icazəsini verən digər sənədləri olmayanlar üçün Makedoniya və Bolqarıstanla öz sərhədlərini bağlayır. Təhlilçilər bütün bu tədbirlərin Şengen zonasının gələcəyini sual altına qoyduğunu bildirirlər.

“Reuters”in Makedoniya Daxili Işlər Nazirliyinə istinadən yaydığı məlumata görə, çərşənbə axşamı ölkənin Yunanıstanla sərhədindən heç bir miqrant keçməyib. Hazırda sərhəddə Mərkəzi və Şimali Avropa ölkələrinə keçə bilməyən insanlar toplaşıb. Onlar sərhədin Yunanıstan tərəfindədir. Qadağa tətbiq edilməzdən Makedoniya çox az sayda, əsasən suriyalı və iraqlı miqrantları buraxırdı.

Yunanıstan hakimiyyəti miqrantları razı salmağa çalışırdı ki, günü-gündən sanitar vəziyyəti pisləşən sərhəd düşərgəsini tərk etsinlər. Düşərgəni fevral ayında qurmağa başlayıblar. Miqrantların bir çoxu artıq həftələrdir ki, burada qalır.