XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

16 May 2020 - 23:56

Çində mülki aviasiya üzrə uçuşların 60 faizi bərpa olunub

Çində ötən gün mülki aviasiyası üzrə gündəlik uçuş sayı 10 min 262-yə çatıb.

Azərtac Çin Mülki Aviasiya Administrasiyasına istinadla xəbər verir ki, bu rəqəm yeni növ koronavirusun (COVID-19) sürətlə yayılmasından əvvəlki dövrdə olan göstəricinin təxminən 60 faizi deməkdir. Sonuncu dəfə gündəlik uçuş sayının 10 minə çatması fevralın 1-də qeydə alınmışdı. Ölkədə COVID-19 infeksiyasının sürətlə yayıldığı vaxtda – yanvarın 23-dən uçuşların sayı kəskin azaldılmağa başlayıb. Fevralın 13-də gün ərzində cəmi 3931 uçuş olub ki, bu da normal vaxtdakı uçuşların 23 faizinə bərabərdir.

Çində mart ayından etibarən epidemioloji vəziyyətin yaxşılaşması nəticəsində bütün sahələrdə fəaliyyət və xidmətlər bərpa olunmağa başlayıb. Ölkədaxili uçuşlar bərpa olunsa da, bunu beynəlxalq uçuşlara aid etmək olmaz. Çünki Çin hökuməti mülki aviasiya şirkətlərinin beynəlxalq uçuşlarını əhəmiyyətli dərəcədə azaldıb. Bundan başqa, xaricdən ölkəyə virus axınını azaltmaq üçün kiçik istisnalar olmaqla əcnəbilərin Çinə girişi dayandırılıb. Bu da Çinin beynəlxalq uçuşlarının azalmasına təsir göstərən əsas amillərdən biridir.

Qeyd edək ki, hazırda dünyanın ikinci ən böyük mülki aviasiya bazarı olan Çində ötən il bu sektorda rekord məbləğdə – 154,27 milyard dollar dövriyyə qeydə alınıb. Artım əvvəlki illə müqayisədə 5,4 faiz təşkil edib. Hazırda ölkədə 238 hava limanı fəaliyyət göstərir. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası Çinin 2020-ci illərin ortalarında ABŞ-ı ötərək planetin ən böyük aviasiya bazarı olacağını proqnozlaşdırıb.