Nyu-York rəhbərliyi afroamerikalı Corc Floydun ölümündən sonra baş qaldıran etiraz aksiyaları zamanı baş vermiş kütləvi iğtişaşlar və mağazaların silsilə qarətləri fonunda şəhər ərazisində komendant saatı tətbiq etməyin mümkünlüyünü nəzərdən keçirir.
“TASS” xəbər verir ki, bu barədə şəhər meri Bill de Blazio Nyu-Yorkun “NY1” telekanalı vasitəsilə çıxışında bildirib.
“Bu cür hadisələr şəhərimizdə çox nadir hallarda baş verir. Vandalizm və qarətlər qəbuledilməzdir, biz ən qəti üsullarla buna qarşı mübarizə aparacağıq və araşdırma aparılacaq. Şəhərdə komendant saatının tətbiqi – bu, mümkün tədbirlərdən biridir və biz bunu qubernator Endryu Kuomo ilə də müzakirə edəcəyik. Ancaq hələ qərar verilməyib, yalnız bu, mümkün ola bilər”, – deyə mer qeyd edib.
Öz növbəsində, şəhər polisinin rəhbəri Dermot Şia bildirib ki, polis “hələ də iğtişaşların fəsadlarını qiymətləndirir”.
Qeyd edək ki, bazar ertəsi günü axşam saatlarında Nyu-York polisi, Manhetten və Bruklin rayonlarıüstünlük təşkil etməklə, 250-dən çox aksiya iştirakçısını saxlayıb. Bu rayonlarda kütləvi etiraz aksiyaları keçirilib. Aksiyaların əsas səbəbi afroamerikalı Corc Floydun Minneapolis şəhərində polis tərəfindən saxlanılması zamanı ölməsidir. (apa)