XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

02 İyun 2020 - 18:47

Metrodakı sərnişinlərindən susmaq xahiş olunub- Koronavirusla mübarizə naminə

Meksika paytaxtının metropoliteni koronavirusun yayılmasının qarşısının alınması üçün sərnişinləri susmağa dəvət edib.

Azərtac bu barədə Mexiko metropoliteninin “Twitter” səhifəsinə istinadla xəbər verir.

“Callados prevenimos el contagio” (“Yoluxmanın qarşısını susaraq alaq”) kampaniyası danışıq zamanı əmələ gələn və qapalı məkanlarda yoluxma faktoru ola biləcək damcıların azalmasına istiqamətlənib”, – məlumatda belə deyilir.

Kampaniya iyunun 1-də start götürüb. Metropoliten rəhbərliyi, həmçinin sərnişinləri bütün səfər əsnasında maskalardan istifadə etməyə çağırıb.

Qeyd edək ki, martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 13:20-yə olan məlumatına əsasən, dünyada 6 milyon 388 mindən çox yoluxma və 377 min 881 ölüm faktı qeydə alınıb, 2 milyon 922 min 130 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

Meksikada koronavirus epidemiyası hələ də pik səviyyədədir. Ölkə gündəlik yoluxma hallarının sayına görə dünyada ilk beşlikdə qərarlaşıb. İndiyədək ölkədə 93 min 435 nəfər koronavirus infeksiyasına yoluxub, 10 min 167 nəfər isə həyatını itirib. Hazırda müalicə alan 15 min 777 xəstədən 378 nəfərin vəziyyəti ağır qiymətləndirilir.