Avropa İttifaqı (Aİ) Rusiyanın yenidən G7-yə qoşulmalı olduğunu düşünmür.
Bu barədə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell virtual mətbuat konfransında deyib: “Avropa İttifaqı G7 formatını ortaq dəyərləri, maraqları və öhdəlikləri rəhbər tutan ölkələr arasında vacib çoxtərəfli bir çərçivə olduğunu hesab edir”.
Aİ-nin Ali Nümayəndəsi deyib ki, Moskvanın G7-də iştirakı Rusiya öz kursunu dəyişənə, G8-in yenidən bərpasına imkan verəcək mühit yaranana və mənalı müzakirə baş tutana qədər dayandırılıb və hal-hazırda Rusiyanın bərpası müzakirə mövzusu deyil.
Cozep Borrell xatırladıb ki, Prezident Donald Tramp əvvəl də Rusiyanın birliyə qoşulması məsələsini qaldırsa da, digər üzv ölkələr bu təklifi dəstəkləməyib: “Mən həmçinin vurğulamaq istəyirəm ki, G7 sədrinin qonaq dəvət etməyə səlahiyyəti çatır və nəzərə alaq ki, ABŞ bu il G7-yə sədrlik edir. Ancaq dəvət olunan qonaqlar ev sahibinin bir növ prioritetlərini nümayiş etdirir. Lakin üzvlüyü dəyişmək və ya formatı daimi əsasda dəyişmək G7-yə sədrlik edən ölkənin səlahiyyətlərinə aid deyil”/APA