XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

05 İyun 2020 - 20:15

İrandan ABŞ-a sülh jesti –Veteran hərbçi azadlığa buraxıldı, Tramp alqışladı

ABŞ donanma veteranı, iki ilə yaxın İranda saxlanmış Mixael Vayt Vaşinqtonla Tehran arasında məhbus mübadiləsi çərçivəsində evinə qayıdır. Vayt iyunun 4-də azad olunub.

ABŞ Prezidenti Donald Tramp “Twitter”-də yazıb ki, Vayt ilə telefonla danışıb.

O, Birləşmiş Ştatlara Sürixdən uçur. ABŞ-ın İrandakı maraqlarını İsveçrə təmsil edir. “Təşəkkür, İran, bu, razılaşmanın mümkün olduğunu göstərir!”, – yazan Tramp İrana aşkar sülh jesti edib.

Məlumatlara görə, ABŞ və İran hökumətləri arasında vasitəçilik edən İsveçrə məhbuslarla bağlı aylardır səssizcə aparılan danışıqları asanlaşdırıb. Həm Birləşmiş Ştatlar, həm də İranla yaxşı münasibətləri olan Qətərin də məhbus mübadiləsini asanlaşdırdığı bildirilir.

İranın Xarici işlər naziri Cavad Zərif “Twitter”-də yazıb ki, iki iranlının və Vaytın ailələrinə qovuşmasından məmnundur.

“Bu, bütün məhbuslarla bağlı baş verə bilər. Seçimlə yanaşmağa ehtiyac yoxdur. Birləşmiş Ştatlarda saxlanmış iranlı məhbuslar evlərinə qayıtmalıdırlar”, – o deyib.

ABŞ Dövlət katibi Mayk Pompeo isə deyib ki, İran hakimiyyəti Vaytın buraxılması məsələsində konstruktiv davranıb, ancaq İranda saxlanmış, İran əsilli üç ABŞ vətəndaşını da dərhal buraxmağa çağırıb.

Müşahidəçilərin fikrincə, məhbus mübadiləsi bir-birinəədavət bəsləyən iki dövlətin pərdəarxası diplomatiya aparması üçün nadir fürsətdir. Ancaq çox az adam ABŞ-da noyabr seçkisi öncəsi bu yöndə ciddi irəliləyişin olacağını bildirir.

Xatırladaq ki, Vaşinqtonda Tehranın münasibətləri 2018-ci ildən bəri daha da gərginləşib. Tramp İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana sanksiyalar tətbiq etməyə başlayıb. (azadliq.org)