XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 June 2020 - 20:31

London Aİ ilə ticarət sazişi imzalamaq üçün güzəştə getməyə hazırdır

Böyük Britaniyanın Baş Naziri Boris Conson krallıqla Avropa İttifaqı arasında ticarət sazişi imzalamaq üçün Brüsselə güzəştə getməyə hazırdır.

Azərtac “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, danışıqların gedişi ilə tanış olan mənbələrin iddiasına görə, rəsmi London Avropa İttifaqı tərəfindən Britaniyanın bəzi məhsullarına kvota tətbiq edilməsinə razılıq verə bilər. Böyük Britaniya bunun əvəzində Brüsselin keçid dövrü bitdikdən sonra Birləşmiş Krallıq qarşısında Avropa İttifaqının qaydalarına əməl etmək tələbi qoymamasını istəyir.

Beləliklə, Boris Conson öz partiyasına və seçicilərinə verdiyi vədi pozmuş olur. Mühafizəkar hökumətin rəhbəri dəfələrlə ölkəsinin Avropa İttifaqını tərk etdikdən sonra Aİ dövlətləri ilə “kvota və tarifsiz” ticarət edəcəyini bildirmişdi. Mənbənin məlumatına görə, təklifi Britaniya tərəfi irəli sürüb.

İyunun 5-də Böyük Britaniya hökumətinin Avropa İttifaqı ilə danışıqlar üzrə nümayəndəsi Devid Frost müzakirələrin sonuncu mərhələsinin müsbət məcrada keçdiyini, lakin Brüssellə dialoqda nəzərə çarpacaq irəliləyişə nail olunmadığını deyib.

Qeyd edək ki, 2020-ci il fevralın 1-də Brexit prosesi üzrə üç il davam edən danışıqların yekununda Brüssel və London keçid dövrü barədə razılığa gəliblər. Tərəflər dekabrın 31-dək gələcək münasibətlərin qurulması qaydaları və ticarət şərtləri barədə sazişə nail olmalıdır. Koronavirus pandemiyası səbəbindən distant keçən danışıqlarda vaxt azlığına baxmayaraq London keçid dövrünü uzatmaq istəmir.