XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 June 2020 - 21:23

“Hilton” otellər şəbəkəsi dünya üzrə ştatını 22 faiz ixtisar edir

“Hilton Worldwide Holdings” mehmanxanalar şəbəkəsi dünya üzrə əməkdaşlarının təxminən 22 faizinin ixtisar olunacağını elan edib.

İxtisarlar təxminən 2,1 min nəfərə təsir edəcək.

Bundan öncə kompaniya korporativ ödəmələri və iş saatlarının sayını ixtisar etmiş, bəzi əməkdaşlar isə ödənişsiz məzuniyyətə göndərmişdi. Holdinqin press-relizində bu tədbirlərin fəaliyyət müddətinin daha üç ay uzadıldığı qeyd olunub. “Hilton” 101 illik tarixi ərzində səyahətlərin demək olar, tam dayanmasına gətirib çıxaran qlobal böhranla üzləşməmişdi”, – deyə kompaniyanın baş icraçı direktoru və prezidenti Kristofer Nassetta bildirib.

“The Wall Street Journal” nəşrinin məlumatına görə, analitiklər mehmanxana biznesinin 2022-ci ilədək pandemiyadan öncəki səviyyədə bərpa olunacağını gözləmir.

May ayında “Hyatt Hotels Corp” dünya üzrə 1,3 min əməkdaşının işdən çıxarıldığını elan edib. “Marriott International Inc” isə əməkdaşların ödənişsiz məzuniyyətinin oktyabrın 2-nə qədər uzadıldığını və öz istəyi ilə işdən çıxanlara kompensasiya veriləcəyini bildirib.

Qeyd edək ki, “Hilton Worldwide Holdings” dünyanın ən iri otel kompaniyalarından biridir. Portfeli dünya səviyyəli 18 brenddən ibarət olan holdinqə 119 ölkə və regionda fəaliyyət göstərən 6,1 mindən çox otel daxildir.

İlin əvvəlindən bəri “Hilton Worldwide Holdings” kompaniyasının bazar dəyərinin təxminən 30 faiz ucuzlaşdığı bildirilir(azərtac).