XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

16 Mart 2016 - 09:17

ABŞ-da prezident seçkiləri –Respublikaçılar Tramp problemini həll edə bilmirlər

tramp

ABŞ-da start götürən prezident seçkiləri marafonu bütün dünyanın diqqətini cəlb edib. Namizədlər, onların şəxsiyyəti, proqramları, açıqlamaları, seçki kampaniyasının ən kiçik detalları belə, maraq dairəsindədir. Azərbaycanda da ABŞ-dakı prezident seçkiləri ilə bağlı hadisələri böyük maraqla izləyirlər. Bunu nəzərə alaraq, Strateq.az dünyanın ən maraqla izlənilən seçki prosesini ətraflı işıqlandırmağa çalışır. Hazırda Fulbrayt proqramı ilə Amerikada təhsil alan Kənan Qasımov Strateq.az üçün  ABŞ-dakı  prezident seçkiləri ilə bağlı silsilə yazılar hazırlayır. Bu silsilədən 6-cı  məqaləni təqdim edirik.

ABŞ-da prezident seçkilərinin ilkin mərhələsinin tən yarısı geridə qaldı. Respublikaçılar cəbhəsində Donald Tramp, Demokratlar düşərgəsində isə Hillari Klinton liderliklərini davam etdirirlər və artıq əminliklə demək olar ki, digər namizədlər onlara çata bilməyəcəklər.

Çərşənbə axşamı keçirilən son praymerizin (ilkin seçkilər)  nəticələri seçkilərin ümumi gedişi üçün böyük önəm kəsb edirdi. İki ştat, Florida və Ohayo ümumi ABŞ ərazisində partiya qurultayında iştirak edəcək nümayəndələrin say çoxluğuna görə digər ştatlardan fərqlənir. Qalib gələn namizəd bütün nümayəndələrin dəstəyini alır.

Respublikaçıların 3 namizədi qaldı

Bu ştatları respublikaçılar üçün xüsusi əhəmiyyətli edən digər bir məqam isə seçki yarışında Floridadan senator olan Marko Rubio və Ohayo ştatın qubernatoru Con Keysikin mübarizə aparmaları idi. Onların öz ştatlarında əldə edəcəkləri nəticə, seçki yarışını davam etdirib, etdirməmələri baxımından ciddi əhəmiyyət kəsb edirdi. Seçkilərin nəticələrinə görə Tramp Florida ştatında Rubionu böyük üstünlüklə qabaqlamağı bacardı və onu dəstəkləyən nümayəndələrin sayını 99 nəfər artırdı. Bu isə Marko Rubionun seçki yarışında mübarizəni dayandırması ilə nəticələndi.

Marko Rubionun seçkidən çəkilməsi Respublikaçı istebleşment üçün böyük uğursuzluq hesab olunur. Gənc və perspektivli respublikaçı Rubio, seçkinin əvvəlindən etibarən partiyanın siyasi elitasının ən çox ümid bəslədiyi və dəstəklədiyi namizəd idi. Rubionun seçkidən çəkilməsi ilə Respubikaçılar cəbhəsində namizədlərin sayı üçə endi. Onlar Donald Tramp, Con Keysik və Ted Kruzdur.

Milyarder namizədə qarşı yeni rəqib

Hazırda respublikaçı istiblişmentin dəstəklədiyi yeganə namizəd məhz Con Keysikdir. Ohaya ştatında qalib gələn Keysik üçün demək olar ki, yarış yeni başlayır, amma onun namizədliyinin təsdiqlənməsi üçün gərəkli olan 1237 nümayəndəni əldə etməsi bundan sonrakı mərhələdə mümkünsüz görünür. Maraqlı fakt ondan ibarətdir ki, digər namizədləri qabaqlamasına baxmayaraq Trampın özünün də yekun nəticədə bu qədər nümayəndəyə sahib çıxa biləcəyi ilə bağlı ciddi suallar mövcuddur və ilkin hesablamalara görə bu ehtimal olduqca aşağıdır. Bu isə o deməkdir ki, respublikaçılar partiyasının namizədi ilə bağlı məsələyə iyulda partiyanın Klivlend şəhərində keçiriləcək ümumi qurultayında aydınlıq gələcək.

ABŞ mediasında ən ciddi müzakirə mövzusu məhz bununla bağlıdır. Əgər Tramp səslərin əksəriyyətinə sahib çıxsa,  amma bununla belə,  yetərli qədər nümayəndənin dəstəyini əldə edə bilməsə, respublikaçı siyasi rəhbərlik hansı addımı atacaq?  Bu məsələdə fikirlər bir-birindən kəskin fərqlənir,  amma ümumi yanaşma bundan ibarətdir ki, ədalətli qərar məhz Trampın namizədliyinin dəstəklənməsi olardı. Bununla belə, hələ ki, indidən yekun nəticəni dəqiq demək mümkün deyil. Əslində bu fakt seçki sisteminin qüsurlarından biri kimi qəbul olunur. Bir namizəd səslərin əksəriyyətini almasına baxmayaraq,  onun gələcək taleyinə məhz qurultayda qərar verilir. 

Respublikaçıların son ümidi- Con Keysik kimdir?

Bu məqamda haqqında bu günə qədər az söz açılan və Ohaya seçkilərində qalib gəlməklə respublikaçı siyasi istibleşmentinin yeganə əsas namizədinə çevirilən Con Keysik barədə qısa arayış vermək yerinə düşər. 63 yaşlı Keysik digər namizədlərdən siyasi və idarəetmə təcrübəsinə görə fərqlənir. Ronald Reyqanın milli təhlükəslik məsələləri ilə bağlı məsləhətçilərindən biri olan Keysik, Ohaya ştatınının qubernatoru seçilənədək Senatın Budcə Komitəsinin rəhbəri vəzifəsini daşıyıb. Federal büdcənin tənzimlənməsində yaxından iştirak edib. Qubernator kimi də uğurlu fəaliyyəti ilə seçilən Keysik, hazırkı respublikaçı namizədlər arasında ən proqressiv namizəd sayılır. O seçkinin əvvəlindən etibarən namizədlər arasında gedən qalmaqallı söz deyişmələrinə qarışmır və siyasi fikirlərində də onlardan seçilir. Əslində bəzi şərhçilər Keysikin populyarlığının az olmasını məhz özünü digər namizdlərdən kənarda tutması ilə əlaqləndirirlər. Amma qubernator, bu cür təndiqlərə baxmayaraq sona qədər seçki strategiyasına sadiq qalacağını bildirir. Keysik miqrasiya, milli təhlükəsizlik, terrorizm ilə mübarizə, müsəlmanlarla münasibətlər, iqlim dəyişikliyi ilə bağlı məsələlərdə digər namizədlərdən daha məntiqli mövqeyi ilə fərqlənir.

Hillari Klinton aşkar üstünlük əldə edib

Demokratlar arasında gedən mübarizədə isə Hillari Klinton aşkar üstünlük əldə edib. Doğrudur, Berni Sanders seçki prosesi dövründə özünə xeyli sayda dəstək toplaya bilib və bir çoxlarının gözləmədiyi halda 9 ştatda Hillari Klintona qalib gəlməyi bacarıb. Amma çətin ki, yekun nəticədə o, xanım Klintonu qabaqlasın. Bununla belə onun apardığı kampaniya gələcəkdə seçkilərin strukturunun, maliyyələşdirilməsinin  və eyni zamanda ABŞ hökümətinin sosial məsələlər ilə bağlı siyasətini əhəmiyyətli şəkildə dəyişə bilər.

 

*

   

Kənan Qasımov

Xüsusi olaraq Strateq.az üçün