“Amnesty International” insan haqları təşkilatı COVID-19-a yoluxma hallarının artdığı hökumətləri tibb işçilərini adekvat tibbi qorumayla təmin etməyə çağırır.
Qurumun iyulun 13-də açıqladığı hesabatda deyilir ki, 63 ölkə və regionda səhiyyə işçiləri xüsusi geyimlə (PPE) təmin olunmayıb.
Amnesty səhiyyə işçilərinin yaşadıqları ilə bağlı dərin narahatlıq keçirir, hökumətlərin onların hüquqlarını tam təmin etmədiyini bildirir.
PPE qıtlığı var, ticarət məhdudiyyətləri bunda öz sözünü deyir, üstəlik bəzən həkimlər geyimi özləri almalı olurlar.
Londonda mənzillənən təşkilat bildirir ki, hökumətlər tibb işçiləri və digər vacib personalı qoruya bilməməyə görə məsuliyyət daşımalıdırlar.
Tibb işçiləri ən çox hansı ölkələrdə ölür
Qurum 79 ölkədə COVID-19-dan 3 mindən çox tibb işçisinin öldüyünü bildirir.
Ən yüksək rəqəmlər Rusiyada (545), Britaniyada (540), Birləşmiş Ştatlarda (507) və Braziliyada (351) qeydə alınıb.
Hazırda dünya üzrə COVID-19-a yoluxan tibb işçilərinin qlobal statistikası aparılmır. Amnesty International 79 ölkə üzrə məlumatları toplayaraq ümumi ölü sayının 3 min olduğu qənaətinə gəlib.
Ancaq məlumat əskikliyi səbəbindən bu rəqəm daha böyük ola bilər, Amnesty bildririr. (azadliq.org)