XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

23 İyul 2020 - 15:16

Lavrov Volkan Bozkırla görüşdə:"Rusiyanın simasında siz ən etibarlı müttəfiqinizi tapacaqsınız"

Moskvada Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və BMT Baş Assambleyasının Prezidenti, 75-ci Sessiyasının Sədri Volkan Bozkır arasında danışıqlar başlayıb.

Məlumata görə, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüşdə S. Lavrov türkiyəli diplomatı BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri seçilməsi münasibəti ilə təbrik edib.

O, V. Bozkırın çox məsuliyyətli dövrdə Assambleyaya rəhbərlik etdiyini söyləyib: “Biz çox yaxşı başa düşürük ki, dünya düzəni bu gün hansı çətinliklərlə üzləşib. Sizi əmin edirəm ki, Rusiyanın simasında siz ən etibarlı və ardıcıl müttəfiqinizi tapacaqsınız”.

V. Bozkır Rusiya XİN rəhbərinin dəvəti ilə Moskvada səfərdə olmaqdan məmnunluq duyduğunu söyləyib: “Rusiya Federasiyası BMT-nin ən vacib ölkələrindən biridir. Təhlükəsizlik Şurasının üzvü olması ilə bərabər dünyada nüfuz dairəsi geniş, Türkiyənin qonşusu və vacib dostudur. Bugünkü görüşdə Rusiyanın BMT-dəki təcrübələrindən yararlanmaq və qarşıdakı dönəmdəki gözləntilərini öyrənmək istəyirik. Sergey Lavrov 10 il Rusiyanın BMT-dəki nümayəndəsi olub. Onun da təcrübəsindən istifadə etməkdən məmnunluq duyacağam”.

Türkiyəli diplomat BMT-nin dünyadakı nüfuzunun son zamanlar aşağı düşməsindən danışıb: “BMT Baş Assambleyasını bu qurumun üç əsas strukturundan biri olaraq görürəm. Bu çərçivədə Təhlükəsizlik Şurası, Baş Assambleya və Baş Katiblik arasında əlaqələrin qurulması çox vacibdir. Təəssüf ki, son zamanlar BMT-nin nüfuzu və effektivliyi beynəlxalq miqyasda azalıb. Xüsusi ilə də pandemiya dövründə son aylarda Baş Assambleyanın fiziki cəhətdən toplana bilməməsi, bir çox qərarı verilə bilməməsi və böhranlı dövrdə, hər kəsin BMT-ni yanında görmək istəyərkən, BMT-nin fəaliyyətsizliyi önəmli bir problem halına gəlib. Dünya parlamenti rolunu oynayan BMT Baş Assambleyasının ilk fürsətdə fiziki cəhətdən toplanmasını təmin etmək ən önəmli vəzifəmizdir”.

Qeyd edək ki, Volkan Bozkır Rusiyada səfərdədir. Onun Rusiya Federasiya Şurası və Dövlət Dumasının rəhbərliyi ilə görüşləri planlaşdırılıb/APA.