XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

23 İyul 2020 - 21:39

Cənubi Koreya iqtisadiyyatında tənəzzül başlayıb- Nazirdən açıqlama

Cənubi Koreya iqtisadiyyatı ilin ikinci rübündə son 20 il üzrə ən pis azalma nümayiş etdirməklə tənəzzülə qədəm qoyub.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, ölkənin mərkəzi bankının məlumatına əsasən, ilin ikinci rübündə iqtisadiyyat əvvəlki rüblə müqayisədə 3,3 faiz geriləyib. Bu, 1998-ci ilin birinci rübündən qeydə alınmış geriləmədən (2,3 faiz) də pis göstəricidir.

Yeni növ koronavirus (COVID-19) pandemiyası Asiyanın 4-cü ən böyük iqtisadiyyatına sahib olan Cənubi Koreyanın ixracına da böyük zərbə vurub. Aprel-iyun aylarında ixrac 16,6 faiz azalıb ki, bu da 1963-cü ildən bəri ən pis göstəricidir. İstehsalat və xidmət sektorlarında geriləmə müvafiq olaraq 9 və 1,1 faiz təşkil edib.

Bütün bunlara baxmayaraq Cənubi Koreyanın Maliyyə naziri Honq Nam-ki nikbindir. O, ilin 3-cü rübündə iqtisadiyyatın bərpa olunmağa başlayacağını deyib: “Mümkündür ki, biz pandemiyanın zəifləməsi ilə bazarların canlanması fonunda ilin 3-cü rübündə iqtisadiyyatın bərpasını görə bilək”. Nazir hökumətin pandemiyanın mənfi nəticələri ilə mübarizə üçün 231 milyard ABŞ dolları ayırdığını bildirib.

Analitiklər Cənubi Koreya iqtisadiyyatının il ərzində 0,4 faiz, Beynəlxalq Valyuta Fondu isə 2,1 faiz geriləyəcəyini proqnozlaşdırıb.