XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 July 2020 - 00:21

İsveçlə Mərkəzi Avropa arasında sərnişin qatarları işləyəcək

İsveç ilə Mərkəzi Avropa arasında sərnişin qatarları işləyəcək.

Azərtac İsveç Hökuməti Dəftərxanasının press-relizinə istinadla xəbər verir ki, krallığın vətəndaşları ekoloji baxımdan daha təmiz nəqliyyat vasitələri ilə kontinental Avropa şəhərlərinə səyahət etmək şansı qazanacaqlar.

Mərkəzi Avropanın bir sıra ölkələri ilə İsveçi birləşdirən dəmir yolu marşrutları yaradılması layihəsi atmosferə istixana qazları atılmasına qarşı mübarizənin genişlənməsi fonunda İsveç hökumətinin təşəbbüsü ilə başlanıb.

Xeyli vaxtdır ki, İsveç dilində hərfi tərcüməsi “uçuş üçün xəcalət” olan “Flugscham” neologizmi yayılıb. İsveçlilər bu yeni sözü insanları ətraf mühit üçün az ziyan verən nəqliyyat növlərindən istifadə etməyə həvəsləndirmək məqsədilə işlədirlər. Hökumət mülki aviasiya daşımalarının zərərli təsirini azaltmaq üçün bir sıra tədbirlər görür, o cümlədən ekoloji vergi tətbiq edir. Koronavirus pandemiyası başlanana qədər aviaşirkətlər həqiqətən sərnişinlərin sayının azalması barədə hesabat verirdilər. Digər tərəfdən artıq iki ildir ki, İsveç dəmir yolu şirkətləri sərnişinlərin artmasını qeyd edirlər.

Lakin İsveç hökuməti daha irəli getmək niyyətindədir. İndi İsveç nəqliyyat idarəsinə 2022-ci il avqustun 1-nə qədər Malmö və Brüssel, habelə Stokholm və Hamburq şəhərləri arasında gecə qatarları reysləri təşkil etmək məqsədilə tədarük görmək barədə göstəriş verilib. Beynəlxalq gecə qatarları alınması üçün 400 milyon İsveç kronu (təqribən 45,2 milyon ABŞ dolları) məbləğində investisiya ayrılması elan edilib.