XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

28 İyul 2020 - 22:32

“Pandemiyadan sonrakı dövrdə şəhərlərin quruluşu barədə yenidən düşünmək lazımdır”- Antonio Quterreş

Şəhərlər pandemiyanın episentrində yer aldılar. Qeydə alınmış xəstəliklərin təxminən 90 faizi onların payına düşür. Bir çox hallarda bu, təkcə əhalinin yüksək sıxlığı ilə deyil, həm də şəhər həyatının təşkili, insanların necə yaşadıqları, harada işlədikləri və necə hərəkət etdikləri ilə əlaqədardır.

Bu barədə təşkilatın Baş katibi Antonio Quterreş “COVID-19 urbanizasiya olunmuş dünyada“ sənədini təqdim edərək bildirib.

Baş katib deyib: “Böhranın əsas ağırlığı şəhərlərin payına düşdü. Onların bir çoxunda səhiyyə sistemləri həddindən artıq yüklənib, lazımi su təchizatı və kanalizasiya xidmətləri mövcud deyil, həmçinin digər problemlər var”. O əlavə edib ki, pandemiya sürətli urbanizasiyanı müşayiət edən, dərin kök salmış bərabərsizliyi aşkara çıxarıb.

Bu gün planetin sakinlərinin 55 faizindən çoxu şəhərlərdə yaşayır. Şəhər sakinlərinin təxminən 24 faizi insan sıxlığı yüksək olan, hətta tualet və su kimi elementar sanitar-gigiyenik şəraitin olmadığı gecəqondularında yaşayır. İnsanların çoxu iş yeri, məktəblər, uşaq bağçaları və hətta ərzaq dükanlarından uzaqda yaşayır. Hazırda şəhər sakinlərinin yarısından azı yaşayış yerlərindən 400 metr radiusda yerləşən hər hansı ictimai binalara sahibdir. Bütün bunlar pandemiya səbəbindən ağır bir böhrana çevrildi.

Bununla yanaşı, dünyada ÜDM-in 80 faizi şəhərlərin payına düşdüyü üçün əsasən iqtisadi itkilərə də onlar məruz qaldı. Bütün dünyada müəssisələrin çoxu dayandırıldı, restoranlar və digər biznes sahələri bağlandı, milyonlarla insan isə evdə və ya karantində təcrid olundu.

Lakin müsbət məqamlar da var. Pandemiya zamanı məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi atmosferə buraxılan istixana qazlarının həcminin azalmasına səbəb oldu. Hətta ən çox çirklənmiş şəhərlərin bəzilərində hava daha təmiz oldu. BMT-nin Avropa İqtisadiyyat Komissiyasının may hesabatına görə, məsələn, Barselonada çirklənmənin səviyyəsi təxminən 62 faiz azaldı.

Oxşar vəziyyət Milan, London və Paris kimi digər iri şəhərlərdə də baş verib. BMT-nin Baş katibi xəbərdar edib ki, bu göstərici müvəqqətidir. Şəhərlər “açıldığı” və əvvəlki həyat tərzinə qayıtdıqları an yenidən qaz tüstüsündə boğulacaqlar.

Bunun baş verməməsi üçün şəhər rəhbərləri və yerli sakinlərin çoxu pandemiyadan sonra şəhər həyatının yaxşılaşdırılmasına yönələn tədbirlər görür, insanlar üçün ekoloji cəhətdən təhlükəsiz və sağlamlıq üçün faydalı nəqliyyat modellərinə keçirlər. Şəhər merləri yeni velosiped yolları və piyada zonalarının salınmasına maliyyələşdirməni artırıblar.

Pandemiyanın rəqəmsal texnologiyaların səmərəliliyini, məsafəli iş rejimi və zəruri xidmətlərin virtual çatdırılması imkanını sübut etdiyindən danışan BMT başçısı ictimaiyyəti bərpa dövründə müasir reallığa uyğunlaşmağa çağırıb.

Böhran dövründə sakinlərin qeyri-adi həmrəylik, ixtiraçılıq, habelə yeni iş üsullarına və həyat şəraitinə uyğunlaşmaq qabiliyyəti nümayiş etdirməklə ən yaxşı keyfiyyətlərini göstərdiklərini diqqətə çatdıran Quterreş vurğulayıb ki, məhz şəhərlər bərpa dövründə davamlı və ədalətli inkişaf mərkəzlərinə çevrilməlidir. Bərpa dövrü şəhər həyatını yenidən dərk etməyə imkan verəcək.

“Şəhərlər dünyasını yenidən dərk etməyin və dəyişdirməyin vaxtı yetişib. Hazırkı pandemiyanın yaratdığı və ondan sonra digərlərinin də təqib edə biləcəyi vəziyyətə uyğunlaşmağın vaxtı gəlib çatıb”, – deyə BMT-nin Baş katibi bildirib.

O, üç istiqamətdə hərəkət etməyi tövsiyə edib: şəhər bərabərsizliyinin miqyasının azaldılmasına nail olmaq, yerli hökumət orqanlarının və şəhər sakinlərinin potensialını gücləndirmək və əhalinin bütün təbəqələrinin maraqları naminə davamlı və ədalətli inkişafı təşviq etmək.

BMT-nin Baş katibi vurğulayıb: “Bu gün bizim necə yaşadığımız, qarşılıqlı fəaliyyət göstərdiyimiz və şəhərlərimizdə yenidənqurma işlərini apardığımızı düşünməyə və yenidən dərk etməyə imkanımız var. “COVID-19 urbanizasiya olunmuş dünyada” analitik yazının mənası məhz bundan ibarətdir”.